1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş sərgi
Martın 29-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969” sərgi salonunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Genosid-100” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.
Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq bildirdi ki, 100 il bundan öncə mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bakı və Quba şəhərlərində, ölkəmizin digər bölgələrində talanlar və etnik təmizləmələr həyata keçirilib. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.
Nazir müavini vurğuladı ki, bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan olunub.
Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş Tədbirlər planı hazırlanaraq Prezident Administrasiyası tərəfindən təsdiq olunub. Bugünkü sərgi də Tədbirlər planına uyğun olaraq keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi tariximizin ən faciəvi səhifələrindən olan 1918-ci il soyqırımı qurbanlarının xatirəsini anmaq üçün təşkil olunub: “Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın çoxsaylı mədəniyyət ocaqlarında bu münasibətlə tədbirlər təşkil olunur. Bu il də ölkə rəhbərinin müvafiq sərəncamına əsasən tədbirlər keçirilir. Paytaxtla yanaşı, regionlarda da soyqırımı qurbanları yad ediləcək, tariximizin qan yaddaşı olan bu faciə bir daha xatırlanacaq”.
Vurğulandı ki, sərgidə nümayiş etdirilən əsərlər məzmun və mahiyyət etibarilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkrli siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Qeyd edək ki, aprelin 3-dək davam edəcək sərgidə 30-a yaxın rəsm əsəri nümayiş olunur. Onların arasında Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun xalqımıza qarşı törədilmiş soyqırımlarına həsr olunmuş 5 əsəri də yer alıb. Rəssam həmin əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasına bağışlayıb.
Fariz