Martın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Beynəlxalq incəsənət festival-müsabiqəsi başlayıb.
İkinci dəfə keçirilən müsabiqənin münsiflər heyətinə Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiyanın və Tatarıstanın Xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva Musiqi Akademiyasının professoru Arturas Ankskauskas, professor, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka daxildir.
Müsabiqə 7 nominasiya (vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn) üzrə keçirilir.
Müsabiqənin ilk günündə simli alətlər üzrə akademik vokal və fortepiano ifaçılarının çıxışları dinlənilib. Martın 28-də nəfəs və zərb alətləri, xor, ansambl, xalq çalğı alətləri üzrə, 29-da isə estrada oxuma və rəqs nominasiyaları üzrə çıxışlar olub.
Martın 30-da Mərdəkan Mədəniyyət sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi olacaq. Festivalda qalib gələn iştirakçılara diplomlar, hədiyyə və təşəkkürnamələr təqdim ediləcək. Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.