“Turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən iki ölkənin iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm”
   
   İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 28-29 mart tarixində Azərbaycanda rəsmi səfərdə olub.  
   Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib.
   “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman imzalayıblar.
   Həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İranın Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında, iki ölkənin Gənclər və İdman nazirlikləri, Azərbaycanın Səhiyyə Nazirliyi ilə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə qonşu ölkənin İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında sənədlər, eləcə də İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
   İmzalanma mərasimindən sonra Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
   Prezident İlham Əliyev nümayəndə heyətini Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz bizim müştərək bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayramın geniş qeyd edilməsi göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir. İran-Azərbaycan dövlətlərarası münasibətləri bu möhkəm tarix və mədəni köklər üzərində inkişaf edir.
   Prezident həmkarı ilə son dörd il ərzində 11-ci dəfə görüşdüyünü diqqətə çatdıraraq bunun da özlüyündə bir göstərici olduğunu vurğulayıb. İki ölkənin iqtisadi sahədə əməkdaşlığının dərinləşdiyini deyən dövlət başçısı əlavə edib ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına uyğundur. Nəqliyyat sahəsində uğurlu əməkdaşlıqdan söz açan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. 
   
   İran vətəndaşları vizaları aeroportlarda alacaqlar
   
   Dövlət başçısı iki ölkə arasında turizm əlaqələrinin də genişləndiyini vurğulayıb: “Bu yaxınlarda - iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir”.
   
   “Turizm sahəsində kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik”
   
   Prezident Həsən Ruhani də iki ölkə arasındakı qarşılıqlı etimadın, müştərək işlərin artmasının əhəmiyyətini qeyd edib. O, Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsinin, elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə, ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilərik. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var”. 
   Qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi martın 29-da prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-İran biznes forumunda da diqqətə alınıb.
   Azərbaycan Prezidenti qeyd edib ki, Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində ticarət dövriyyəsi həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaq. Böyük turist axını gözlənilir: “Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, hotellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə, əminəm ki, yaxşı gəlir gətirəcək”.