Dünyanın beş qitəsində yaşayan 274 milyon insanın ana dili ya fransız dilidir, ya da onlar bu dildə danışmağı, yazıb-oxumağı bacarırlar. 1970-ci ildə yaradılmış Beynəlxalq Frankofoniya Təşkilatı (BFT) 58-i daimi üzv və 26-sı müşahidəçi olmaqla, 84 dövləti özündə birləşdirir.
BFT artıq uzun illərdir ki, müxtəlif ölkələrdə hər ilin mart və aprel aylarında Beynəlxalq frankofoniya həftəsi keçirir. Bu çərçivədə müsabiqələr, sərgilər, kino festivalları və digər maraqlı sənət görüşləri baş tutur. Azərbaycanda da artıq bir neçə ildir gerçəkləşən Frankofoniya həftəsi bu il aprelin 1-dən 14-dək davam edəcək.
Martın 28-də on bir dövlətin Azərbaycandakı diplomatının iştirakı ilə keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas plüralizm və müxtəlifliyi təbliğ edən Frankofoniya həftəsinin əhəmiyyətini qeyd edərək bildirib ki, qurum bu dəfə «Erasmus Plus» proqramını təqdim edəcək.
Həftə çərçivəsində aprelin 3-8-dək “Frankofon filmləri” festivalı da keçiriləcək. Kinosevərlər “Başsız xoruz” (Rumıniya), “Adama” (Fransa), “Qeyri-adi naqqa balığı” (Fransa-Meksika), “Anam və ailəmizin digər qeyri-adi üzvləri” (Macarıstan), “Ouzeri Tsitsanis” (Yunanıstan), “Həşəratların tərbiyəçisi” (Litva), “Mərakeşə quş uçuşundan baxış” (Mərakeş) və “Qriqri” (Çad) bədii, sənədli və cizgi filmlərinə baxa biləcəklər.
Bundan başqa, uzun müddətdən bəri əməkdaşlıq edən Pyer dö Tregomən (Fransa) və azərbaycanlı xanəndə Qoçaq Əsgərov “Mugham Souls” konsert proqramı ilə çıxış edəcəklər.
Frankofoniya həftəsi təkcə Bakı ilə məhdudlaşmır. İsveçrəli fotoqraf Sedrik Ktrostoferin öz ölkəsinin pendir tutma ənənələrini əks etdirən “Pendir bölüşməsi” adlı sərgisi aprelin 16-dək Gəncədə nümayiş etdiriləcək.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İancu öz ölkəsinin Frankofoniya həftələrində fəal iştirak etdiyini bildirib. Deyib ki, Rumıniya filminin nümayişindən başqa, Babeş Bolyai Universitetinin təmsilçisi Oktivian Yula Bakıda qonaq olacaq, gənclərlə görüşəcək.
Mərakeş səfirliyinin nümayəndəsi isə Frankofoniya həftələrini fransızdilli ölkələrin mədəniyyətini təqdim etmək imkanı kimi dəyərləndirib.
G.Mirməmməd