Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) 2018-ci ildə artıq 5-ci dəfə təşkil olunacaq. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Polşanın “FilmAT” beynəlxalq festivalının direktoru və eyniadlı film, sənət və turizm jurnalının baş redaktoru Eva Kotus CİFFT-nin üzvüdür. Jurnal bu il də CİFFT-nin fəaliyyətinə və quruma daxil olan festivallara həsr edilib.
Jurnalda 2017-ci il 15-18 noyabrda keçirilmiş IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı barədə geniş məlumat verilib. Hər il Bakı festivalının qonağı olan Eva Kotus paytaxtımızda qaldığı mehmanxanaların rahatlığı, xidmət səviyyəsi və ləziz səhər yeməyi ilə bağlı xoş təəssüratlarını paylaşmaqla yanaşı, gəzib gördüyü şəhərin qədim küçələrindən, ecazkar, müasir hündür binalarından, möhtəşəm görünüşə malik maraqlı mədəniyyət ocaqları və muzeylərindən bəhs edir. O, eyni zamanda Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm Peşə Məktəbinin birgə təşkilatçılığı ilə festivalın qonaqları üçün təşkil edilmiş Azərbaycan çay süfrəsi ilə bağlı unudulmaz təəssüratlarını bölüşüb.
Bundan başqa, jurnalda CİFFT festivalları arasında ilk dəfə Azərbaycan və Polşa tərəflərinin təşəbbüsü ilə 12-ci Polşa “FilmAT” festivalının təşkilat komitəsi tərəfindən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin yaradılması və heyətin tərkibinə Polşa və Azərbaycandan tələbələrin daxil edilməsi barədə məlumat da verilib. Qeyd olunub ki, Bakı Turizm Peşə Məktəbi “FilmAT” festivalında fəal iştirakına görə diplomla təltif edilib.
Ətraflı məlumatı veb-səhifəsindən əldə etmək olar.