Bu mövsümdə kompleksə rekord sayda - 120 mindən çox turist gəlib
   
   Şahdağ Turizm Mərkəzi martın 28-də 2017-2018-ci il qış turizm mövsümünün sona çatdığını elan edib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan turizm kompleksində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.
   Turizm mərkəzindən verilən məlumata görə, sayca altıncı olan qış mövsümü ərzində “Şahdağ”ı 120 mindən çox turist ziyarət edib. Bu, kompleksin fəaliyyəti dövründə rekord göstərici sayılır. Turistlərin təxminən 50 faizi əcnəbi vətəndaşlar olub, onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.
   Məlumatda bildirilir ki, mövsüm ərzində “Şahdağ”ın regional və beynəlxalq brend kimi tanıdılması məqsədilə addımlar atılıb, mərkəz Ukrayna, Türkiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub.
   Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, Şahdağ Turizm Mərkəzi hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Lüks dağ kurortu” və “Lüks dağ hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülüb.
   2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunub, uşaqlar üçün yeni əyləncələr yaradılıb. Bu mövsüm də ənənəvi qış əyləncələri ilə yanaşı, xizəkçiliyə xüsusi maraq göstərilib, kompleksə gələn qonaqların 30 faizini xizək həvəskarları təşkil edib.
   Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. Yay mövsümünün açılışınadək mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.