Almaniyanın fotoqrafiya sahəsində ixtisaslaşan “Prophoto” portalında peşəkar və həvəskar fotoqrafları Azərbaycana fototurlara dəvət edən məqalə yayılıb. “Nəyə görə Azərbaycana fototura getməyə dəyər?” sərlövhəli məqalə peşəkar fotoqraf Georq Şuhun Azərbaycana səfər təəssüratları əsasında qələmə alınıb.
   Avropanın nüfuzlu “Blende” fotomüsabiqəsinin iştirakçısı Georq Şuh Azərbaycana səfərdən sonra yurdumuzun gözəlliyinə və təbiətinə, eləcə də insanlarına o qədər məftun olub ki, onun fikrincə, bu ölkəyə sadəcə səfər etməklə kifayətlənmək olmaz. Azərbaycan hər janrın fotoqrafları üçün öz motiv rəngarəngliyi ilə maraqlıdır.
   Məqalədə elektron viza almaqla ölkəyə çox rahatlıqla səfər etməyin mümkünlüyü qeyd edilir, eləcə də fotoqraflar üçün səyahətə ən uyğun fəsillər, nəqliyyat, yerli əhali ilə ünsiyyət üçün dil bilgisi, rəqəmsal infrastruktur və digər mühüm səyahət məlumatları ətraflı izah olunur.
   Bildirilir ki, Azərbaycanın müasir bir ölkə olması təəssüratı hələ hava limanında olarkən yaranır. Paytaxtın geniş küçələri boyunca fasadında “alov dillərinin rəqs etdiyi” futuristik göydələnlər və digər müasir binalar ucalır. Bakının müasir binaları ilə yanaşı, qala divarları ilə əhatələnmiş qədim İçərişəhər və XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Avropa üslubunda tikililər fotoqraflar üçün saysız-hesabsız motivlər canlandırır. 
   Məqalədə, həmçinin Azərbaycanın müxtəlif regionlarında fotoqrafların diqqətini çəkə biləcək motivlər barədə məlumatlar əksini tapıb. Bakı ətrafında palçıq vulkanlarının, Böyük və Kiçik Qafqaz sıra dağlarının əsrarəngiz mənzərələrinin, ölkənin ucqarlarındakı maraqlı məkanların landşaft fotoqraflarının obyektivi üçün cəlbedici olacağı vurğulanır. Eyni zamanda Gəncə şəhərindən cənubda 200 il əvvəl salınmış alman koloniyaları və həmin dövrə aid yaşayış məntəqələrinin alman fotoqraflarına qeyri-adi təsir bağışlayacağı qeyd edilir.
   Məqalənin sonunda qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanda xaricdən gələn qonaqlar üçün çoxlu turların təşkil edildiyi, Şamaxı, Qəbələ və Şəki kimi şəhərlərdə qədim memarlıq incilərinin olduğu, ölkədə səyahət üçün münasib infrastrukturun yaradıldığı və dövlət tərəfindən mədəniyyət və tarixin qorunub saxlanmasına ciddi diqqət göstərildiyi vurğulanır.
   Müəllif yekun olaraq qeyd edir ki, Azərbaycana səyahət etməyə dəyər və ölkənin təqdim etdiyi rəngarəngliyi nəzərə alaraq səfər üçün geniş vaxt götürmək, foto çəkilişlərində qarışıqlıq yaranmaması üçün əvvəlcədən prioritet məkan və istiqamətləri müəyyən etmək lazımdır.