Azərbaycanın milli şirniyyat növlərindən olan şəkərbura yaponların sevimli şirniyyatına çevrilir.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Tokionun Haracuku əyləncə mərkəzində yerləşən “Binova” kafesinin sahibi Şusaku Hayaşi deyib. Artıq bir ildir ki, kafedə müştərilərə Azərbaycan şəkərburasının da təklif edildiyini bildirən yapon iş adamı şirniyyatın alıcılar tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb.
Şəkərburanın kafenin menyusuna necə daxil edildiyi barədə sualı cavablandıran Ş.Hayaşi deyib: “2012-ci ildə velosipedlə Avropadan başlayaraq, Qafqaz ölkələrini və Orta Asiyanı əhatə edən səyahətə çıxmışdım. Bu səyahətim 3 ay çəkmişdi. Fransadan başlayan səyahət zamanı Gürcüstan vasitəsilə Azərbaycana da getdim. Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərini gəzdikdən sonra Bakıya gedib oradan dəniz yolu ilə Qazaxıstana yollandım. Azərbaycana səyahətim zamanı yerli əhali məni böyük hörmət və qonaqpərvərliklə qarşıladı. Milli şirniyyatlara marağımı nəzərə alaraq, mənə onların tərkibini, hazırlanma qaydalarını da izah edirdilər. Qayıtdıqdan bir neçə il sonra şəkərburanın hazırlanma qaydasını öyrənməyi qərara aldım. Kafemizdə qurduğumuz guşədə müştərilərimizə müxtəlif ölkələrin mədəniyyəti barədə məlumat verir və sonra bu ölkələrə məxsus şirniyyatları təklif edirik. Onlar çox zaman xüsusi tamı və görünüşü ilə seçilən şəkərburaya üstünlük verirlər. Ötən il dünya xalqlarının şirniyyatı barədə nəşr olunan kitabımın üz qabığında da şəkərburaya xüsusi yer verməyimin səbəbi məhz budur. Kitabda, həmçinin şəkərburanın resepti və hazırlanma qaydası ilə də tanış olmaq olar”.
Gələcəkdə Şəki halvası hazırlamaq niyyətində olduğunu deyən Ş.Hayaşi sahibi olduğu kafenin menyusunda Azərbaycan şirniyyatlarına daha çox yer vermək istədiyini də bildirib.