Bir əsərin tarixçəsi 


   Ötən yüzillik boyu paytaxtımızın küçə və meydanları adları xalqımızın tarixinə qızıl hərflərlə yazılmış tanınmış şəxsiyyətlərin müxtəlif biçimli abidələri ilə zənginləşib. XX əsr Azərbaycan incəsənətinin çiçəklənmə dövrü kimi dəyərləndirilən 60-cı illərdə ucaldılan Xurşudbanu Natəvan (1960, Ö.Eldarov), Üzeyir Hacıbəyli (1960, T.Məmmədov), “Azadlıq” (1960, F.Əbdürrəhmanov), Səməd Vurğun (1961, F.Əbdürrəhmanov), Məhəmməd Füzuli (1962, Ö.Eldarov və T.Məmmədov) və Mikayıl Müşfiqin (1967, M.Rzayeva) heykəllərinin bu günə kimi müasir qalmaları ilk növbədə onların zamanında sərgilədiyi yüksək bədii-estetik dəyəri qoruyub saxlamaları ilə bağlıdır.
    Amma bu plastika nümunələri arasında ədəbiyyatımızın “dərd şairi” Məhəmməd Füzulinin müsabiqə yolu ilə yaradılan abidəsi bir sıra bədii xüsusiyyətlərinə görə çox yeni olmuşdur. Görünür, münsiflər heyəti üzvlərinin 1958-ci ildə şairin Bakıda ucaldılacaq abidəsinə elan olunmuş respublika müsabiqəsində üstünlüyü gənc müəlliflərə vermələrində obraza yeni baxışın mövcudluğu nəzərə alınmışdı...
   Abidənin müəllifləri olan Ömər Eldarov və Tokay Məmmədov bu sənət yarışmasında birinciliyi yaşlı nəslin nümayəndələri ilə çətin mübarizədə əldə etmişdilər. Onların hər ikisi 1951-ci ildə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdi. Bakıya qayıtdıqdan sonra birlikdə bir neçə sifariş də yerinə yetirmişdilər. 1960-cı ildə ayrı-ayrılıqda işlədikləri Xurşudbanu Natəvanın (Ö.Eldarov) və Üzeyir Hacıbəylinin (T.Məmmədov) abidələri sözün əsl mənasında onların həm sənətsevərlər arasında, həm də bütünlükdə respublikada tanınmalarını şərtləndirmişdi. Bundan sonra isə onlar dahi Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyinin qeyd olunması ilə əlaqədar onun paytaxtda ucaldılacaq abidəsi üçün elan olunmuş müsabiqədə birlikdə iştirak etməyə qərar verdilər. Gənc heykəltəraşlar mübarizənin çox çətin keçəcəyini gözləyirdilər. Belə ki, onların ən ciddi rəqibi artıq Nizaminin Gəncədə (1947) və Bakıda (1949) ucaldılan iki abidəsi ilə sənət aləmində nüfuz qazanmış Fuad Əbdürrəhmanov idi. Onun 1949-cu ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasını bəzəyən Füzulinin heykəlinin müəllifi olması da bu yarışmaya əlavə gərginlik bəxş etmişdi. Amma münsiflər heyəti ədalətli addım ataraq həmin anda nüfuza yox, istedadla yaradılmış əsərə üstünlük vermiş və Ö.Eldarov ilə T.Məmmədovun layihəsi qalib elan olunmuşdu. Beləcə, 31 yaşlı iki gənc yaradıcının şöhrəti çox qısa zaman kəsiyində, 1960-1962-ci illərdə Bakıda ucaldılan heykəllərinin sayəsində respublika çərçivəsini aşdı. 
   Füzulinin abidəsinin 2 iyun 1962-ci ildə baş tutan açılışı paytaxtın ictimai-mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Bu münasibətlə təşkil olunmuş mitinqdə respublikanın mədəniyyət naziri A.Bayramov, Azərbaycan Yazıçılar İttifaqının sədri İ.Qasımov, Xalq rəssamı M.Abdullayev, şair B.Vahabzadə, ədəbiyyatşünas-alim M.Dadaşzadə, müəllim S.Mirzəzadə və neftçi Ə.Bağıyev çıxış edərək paytaxtda dahi şairin abidəsinin ucaldılmasını yaddaqalan mədəni hadisə kimi dəyərləndirdilər.
   Mərhum şair Famil Mehdi isə öz təəssüratını o vaxt belə ifadə etmişdi:
   
   Sən ümid bağladın xoş gələcəyə,
   Nəğmən dağa-daşa səs salır bu gün.
   Bir zaman fəryadın ucaldı göyə,
   Füzuli, heykəlin ucalır bu gün.
   
   Bu gün paytaxtımızın ən baxımlı sənət nümunələrindən sayılan abidə güclü emosional təsir gücünə malikdir. Onun uğurunu şairin ifadəli və psixoloji tutumlu tunc obrazı ilə yanaşı, nakam qəhrəmanları olan Leyli və Məcnunun qayanı andıran qranitdən hazırlanmış qorelyefləri şərtləndirib. Abidənin ümumi forma-biçiminin çox yeni və orijinal olması ilə yanaşı, onun bədii-estetik məziyyətlərinin kifayət qədər zəngin olması da buna öz təsirini göstərib. 
   Əlavə edək ki, ümumi hündürlüyü 11 metrə çatan (fiqurun hündürlüyü 5,5 metrdir) bu abidədə Azərbaycan heykəltəraşlığı təcrübəsində ilk dəfə ənənəviləşən kürsü formasına çox yaradıcı münasibət göstərilmişdi. Başqa sözlə desək, adətən müxtəlif bərk materiallarda gerçəkləşən fiqurun sadəcə altlığı-kürsüsü rolunu oynayan memarlıq elementi həm də abidənin məna-məzmun daşıyıcısına çevrilmişdi. Doğrudan da, boz qranitdən yonulmuş kürsü çox vaxt daşıdığı ciddi həndəsi forma əvəzinə Məhəmməd Füzulinin “tanınma nişanı”na çevrilən “Leyli və Məcnun” poemasının qəhrəmanlarının qorelyef biçimli fiqurları ilə əvəzlənmişdi. Bu da kürsünün tunc fiqurla birlikdə elə uzaqdan ifadəli siluet almasına səbəb olmuşdu. Müdriklik məcmusu olan tunc fiqurla, kürsünün yuxarı hissəsinin pardaqlanması və aşağı hissəsinin isə qorelyeflə ifadə olunmasının vəhdəti bütünlükdə çox cəlbedici və təsirli görüntünün yaranmasına səbəb olmuşdu. Abidənin ətrafına fırlandıqca açılan yeni baxış nöqtələrinin aşıladığı bir-birindən fərqli estetik məziyyətlərin bolluğunu da müəlliflərin obrazı psixoloji çalarlara bələyə bilmələrinin görüntüsü hesab etmək olar. Məhəbbətləri rəmzə çevrilmiş poema qəhrəmanlarının, eləcə də onların taleyinə çarə qıla bilməyən dərd şairinin iç dünyasına köklənmiş fikirli baxışlarında ətrafı duyğulandıracaq bədii-estetik dəyər kifayət qədərdir. 
   Bütünlükdə həm Ömər Eldarovun, həm də Tokay Məmmədovun yaradıcılığında obrazların mənəvi-psixoloji yaşantılarının qabardılmasına üstünlük verildiyini, müəlliflərin Füzulinin fiqurunda da onun poeziyası ilə səsləşən fikir daşıyıcılığının və bədii-plastik tutumun əldə olunmasına səy göstərdiklərini və uğurlu nəticələr əldə etdiklərini vurğulamaq lazımdır. Onlar buna elə əsərin dominantı kimi qəbul olunan şairin portretində nail olmuşlar. İri açılmış gözlərini bir qədər aşağıya - Leyli və Məcnunun qərarlaşdıqları məkana zilləyən Füzulinin alnının qırışlarında, qaşlarının sıxılmasında, çənəsinə söykənmiş sağ əlinin hərəkətində şair varlığının kədərə bələndiyini duymaq mümkündür. Şairin əynindəki klassik Şərq geyiminin kifayət qədər lakonik və bədii ümumiləşdirmələrlə həll olunması fiqurun fikirli duruşunu vurğulamaqla, həm portretin, həm də qorelyefin daha qabarıq görünməsinə müsbət təsir göstərmişdir. Bu da ilk baxışda bir qədər statik görünən abidənin monumentallığını təmin etmişdir.
   Füzulinin abidəsinin ətraf mühitlə əlaqədə duyulası dominant rolunu oynaması da, onun bədii-memarlıq həllində sənətlərin sintezi məsələsinin uğurla həyata keçirilməsinin nəticəsidir. Müəlliflərin 1963-cü ildə Məhəmməd Füzulinin abidəsinə görə (memarı Hacı Muxtarov) SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülmələri də onların sənətkarlığına verilən yüksək qiymət olmuşdur...
   Deyirlər ki, türk dünyasında böyük məhəbbət bəslənilən Füzuliyə Bakıda abidə ucaldılması məşhur türk şairi Nazim Hikməti çox sevindirir. Bakıya gələndə birinci xahişi də həmin abidəni görmək olur. Yolda maşını saxlatdırıb iri bir gül dəstəsi də alır. Abidəyə yaxınlaşaraq əvvəlcə əlindəki gülləri heykəlin qarşısına qoyur, sonra isə 5-10 metr geri çəkilib ucadan “Ustad, əleykəssalam!” - deyir. Hamı şairin sözündən təəccüblənir və ondan bu ifadənin mənasını soruşurlar. O isə sakitcə “Beş yüz il əvvəl onun məmurlara verdiyi salamı rüşvət deyildi deyə, almamışdılar! Bu gün onun salamını aldım! Qoy ruhu şad olsun!” - cavabını verir.
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri