Sənətinə qəlbən bağlanan, onunla nəfəs alan insanlardan söz açılanda bir-birindən gözəl əsərləri ilə tamaşaçıların rəğbətini qazanan Əməkdar rəssam Hafiz Zeynalov da yada düşür.
   Hafiz Zeynalov 27 iyul 1927-ci ildə Bakıda anadan olub. 1942-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunub. 1947-1953-cü illərdə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alır. Tələbə ikən təsviri sənətin tarixi janr kimi çətin sahəsi üzrə çalışmağa başlayır. İlk uğuru da onun birinci tarixi tablosu - diplom işi olan “Bakı neft sənayesi fəhlələri ittifaqının 1905-ci il iclası” əsəri olur. Bu tarixi kompozisiyanın ona gətirdiyi uğur bir il sonra Moskvanın məşhur Tretyakov qalereyasında sərgilənməsi, həm də böyük tamaşaçı auditoriyası toplaması ilə nəticələnir. Gənc rəssamın əsəri P.Korin, S.Gerasimov, B.İohanson, V.Serov kimi görkəmli sənətkarların işləri ilə yanaşı nümayiş etdirilmişdi. Bütün bunlar Hafizi yeni-yeni axtarışlara və uğurlara sövq edir. O, sənətə elə bağlanır ki, “bir günüm də fırçasız olmasın”, - deyir. 
   Sənət aləmində çox tez tanınan Hafiz Zeynalov 1956-cı ildə Ümumittifaq sərgisində, eləcə də Almaniya Demokratik Respublikası və Əlcəzairdə sərgilərdə iştirak edir. Bitib-tükənməyən yaradıcılıq həvəsi onu yeni-yeni əsərlər yaratmağa sövq edir. Bakıda, Mərdəkanda, Sumqayıtda fərdi yaradıcılıq sərgiləri təşkil olunur. 
   Yaradıcılığı mövzu və janr baxımından rəngarəng olan rəssam əsərləri ilə təsviri sənətimizi zənginləşdirib. Bu da ilk növbədə onun geniş improvizasiyaya malik olmasından irəli gəlib. Onun əsərlərində doğma Bakı, qədim İçərişəhər və Abşeron torpağı öz əksini tapıb. Sənətkar tabloya gətirdiyi məkanın tarixini, etnoqrafiyasını, insanların həyat tərzini, məişətini əvvəlcədən öyrənirmiş. 
   Araşdırmalarda qeyd olunur ki, hansı janra müraciət etmək istədikdə mütləq o sahənin mütəxəssisləri, yerli əhali ilə həmsöhbət olaraq mühiti dərindən mənimsəyərmiş. Buna görə də yaratdığı dərin mənalı əsərlər ölkəmizlə yanaşı, onun hüdudlarından çox-çox uzaqlarda da maraqla qarşılanaraq rəğbət qazanıb.
   H.Zeynalovun yaradıcılığında tarixi-mədəni mövzular xüsusi yer tutur. “Qafqazın müdafiəsi”, “Kəmaləddin Behzad Şah İsmayıl Xətainin sarayında”, “Xaqani xalq arasında”, “Kubada görüş” kimi əsərləri buna misal göstərmək olar. “Tomris” əsəri onun fırçasından çıxan ən dəyərli nümunələrdən hesab olunur. Sənətkar özü bu barədə deyib: “Məndən soruşurlar, elə bir əsərin varmı ki, ona hər gün baxmaqdan yorulmursan? Doğrusu, sənətkar üçün bütün əsərləri əzizdir. Hər əsər yaradıcı adamın bir növ övladıdır. Ancaq mən “Tomris”ə hər gün baxmaqdan doymuram”.
   Rəssamın yaradıcılığında mənzərə janrı da diqqəti cəlb edir. “Şirvanşahlar sarayı”, “İçərişəhər”, “Bakıda ilk qar” kimi əsərləri tamaşaçıların maraqla qarşıladığı nümunələrdir. O, “Xəzərin sahilində”, “Bizim bağda”, “Abşeronda axşam”, “Zuğulba qayaları” kimi əsərlərində Abşeron torpağının əvəzolunmazlığını göstərməyə çalışıb.
   H.Zeynalovun rəngarəng portretləri də maraq doğurur. Azərbaycan ədəbiyyatının görkəmli simalarından Nizami, Xaqani, Nəimi, Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun, Məmməd Rahim və başqalarının portretləri rəssamın söz adamlarına olan diqqətini göstərir. O, İsmayıl Osmanlı, Muxtar Dadaşov, Həqiqət Rzayeva, Amaliya Pənahova, Hamlet Xanızadə, Elmira Rəhimova, Xuraman Qasımova kimi incəsənət xadimlərinin obrazlarını da kətana köçürüb. Sənətkar bu əsərlərdə ömrünü sənətə həsr edən insanların həm də mənəvi dünyasını açıb göstərib. “Hamlet Xanızadə İblis rolunda” əsərində görkəmli aktyor məşhur monoloqu söyləyərkən təsvir olunub.
   Rəssamlığı ömrünün mənası hesab edən H.Zeynalov 2 may 1996-cı ildə, 69 yaşında vəfat edib. 
   
   Savalan Fərəcov