Yaponiyada yaşayan əcnəbilərin sayı yeni rekord həddə çatıb. Ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, əcnəbilərin vizada nəzərdə tutulduğundan daha uzun müddətə ölkədə qalma halları artıb.
   Nazirliyin İmmiqrasiya bürosunun yaydığı məlumata görə, Yaponiyada yaşayan əcnəbilərin sayı ötən ilin sonunadək 2 milyon 560 min nəfər təşkil edib. Həmin rəqəm 2016-cı ilin müvafiq göstəricisindən 7,5 faiz çoxdur və bu statistikanın aparılmağa başladığı 1959-cu ildən bəri ən yüksək rəqəmdir.
   Sənəddə qeyd edilir ki, ölkədə qalma müddətindən artıq yaşayan əcnəbilərin sayı isə artıq dörd ildir artmağa davam edərək, 66 min 500 nəfər təşkil edib.
   Yaponiyaya turist kimi və ya başqa qısamüddətli viza ilə gələn insanlar bir çox hallarda iş taparaq burada qalmağa üstünlük veriblər.
   Bununla yanaşı, Yaponiyada qeyri-qanuni yolla qalmaq istəyənlərin ölkədən çıxarılması üçün də büro tərəfindən müvafiq addımlar atılır.