Azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutda “Obsession” (“Xəyal”) adlı 2018/2019 payız-qış mövsümü üçün yeni kolleksiyasını təqdim edib. “Four Seasons” hotelində 27 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən dəfilə maraqla qarşılanıb. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk Azərbaycan dizayneridir. Dizayner 2018/2019 payız-qış mövsümü kolleksiyasında Beyrutun moda həvəskarlarına 27 geyim təqdim edib. Bu dəfilənin özəlliyi dünyanın ən populyar moda telekanalı “Fashion TV”də birbaşa yayımlanması olub. Beləliklə, modelyerin yeni kolleksiyasının nümayişini bütün dünya izləyib.
Qeyd edək ki, Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri 2018” mükafatına layiq görüb.