Aprelin 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi ifaçılıq müsabiqəsi başlanıb. Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, layihənin müəllifi və bədii rəhbəri professor Tərlan Seyidovdur.
Müsabiqənin açılışında professor Fərhad Bədəlbəyli giriş sözü söyləyərək iştirakçıları salamlayıb. Qeyd edib ki, dahi bəstəkarın 100 illiyinə həsr edilmiş belə bir müsabiqənin təşkili Azərbaycan musiqi sənətinin inkişafına özünəməxsus töhfədir.
Daha sonra münsiflər heyəti üzvlərindən İstanbul Texniki Universiteti Türk Klassik Musiqisi Konservatoriyası Fortepiano şöbəsinin müdiri Züleyxa Bağırova-Qarayeva, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış ediblər.
Tədbirdə respublika və beynəlxalq elmi ifaçılıq konfrans və müsabiqələrinin layihə müəllifi, Əməkdar incəsənət xadimi, BMA Orta ixtisas məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov “Qara Qarayevin Azərbaycan musiqi ifaçılığı və musiqi elmində olan rolu haqqında” mövzusunda məruzə edib. Həmçinin, məktəb-studiyanın Uşaq musiqi teatrının quruluşçu rejissoru Elvin Mirzəyevin, məktəb-studiyanın böyük elmi işçisi Elmira Mustafayeva, BMA-nın baş müəllimi Nərgiz Mansurova, BMA-nın dosenti və məktəb-studiyanın müəllimi Mədinə Tuayevanın müxtəlif mövzularda çıxışları dinlənilib.
Tədbir konsert proqramı ilə davam edib.
Pianoçuların V Respublika elmi ifaçılıq müsabiqəsi aprelin 9-dək davam edəcək. BMA məktəb-studiyasının bazasında professor Tərlan Seyidov tərəfindən işlənilmiş proqram əsasında həyata keçirilən layihənin məqsədi təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsidir. Müsabiqəyə respublikanın şəhər və rayonlarından müxtəlif yaş qrupları üzrə 140-dan çox iştirakçı qatılıb. Müsabiqənin şərtinə əsasən, hər bir iştirakçı ifa etdiyi proqramın məruzəsi ilə çıxış edəcək.