Qubada respublika elmi konfransı keçirilib
   
   Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib. “Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi ilə başlayıb.
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin ölkəmizin müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
   Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov elmi konfransın ölkə Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. 1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. 
   
   “Ermənilər məkrli niyyətlərini öz havadarlarına arxalanaraq həyata keçiriblər”
   
   Vurğulanıb ki, tarixin müxtəlif dövrlərində ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Nəticədə ötən əsrin 80-ci illərinin sonunda erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.
   Çıxışına davam edən Əli Həsənov deyib: “Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman tarixi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikasının 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. 

   “Nə qədər vaxt keçsə də, həqiqət öz yerini tapacaq”
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək konfransın keçirildiyi Quba Soyqırımı Memorial Kompleksinin olduqca təsirli, insanı çox kədərləndirən, eyni zamanda böyük düşüncələrə çağıran bir məkan olduğunu deyib: “İnsanı düşündürən ilk amil ondan ibarətdir ki, nə qədər vaxt keçsə də, həqiqət öz yerini tapacaq. Bu gün toplaşdığımız məkan bunun əyani təsdiqidir”.
   Kompleksin yaranma tarixindən danışan nazir bildirib ki, burada tikinti aparılmalı idi və hazırlıq işləri zamanı quyular aşkar olundu. Quyuların birində 400-dən çox insan cəsədinin qalıqları, 1918-ci ildə baş vermiş erməni vandalizminin, vəhşiliyinin sübutları üzə çıxdı. Azərbaycan Milli Elmlər Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin və digər aidiyyəti qurumların 2007-ci ildən 2009-cu ilədək apardıqları tədqiqatlar zamanı müəyyən olundu ki, təkcə bir quyuda 500 deyil, 1500-dən çox insanın kəsilmiş, doğranmış şəkildə qalıqları var. Ölkə rəhbərliyi tərəfindən müvafiq qərar verildi, tədqiqatlar aparıldı və Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi kimi bir abidə yaradıldı.
   Əbülfəs Qarayev əlavə edib ki, memorial kompleksin inşası ilk gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altında ərsəyə gəlib: “Bu məkan, eyni zamanda bizi daim diqqətli və ayıq olmağa çağırır. Bu məkan deyir: baxın və agah olun! Çünki erməni işğalçı siyasəti heç də yalnız torpaqların işğalı ilə məhdudlaşmır”. 
   Nazir bu xüsusda iki faktı diqqətə çatdırıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti Bərdədə türbənin bərpasından sonra açılışında iştirak etdi. Böyük tarixi məkandır. 1960-cı illərdə - Sovet İttifaqı dövründə Azərbaycanda bərpa təşkilatına rəhbərlik edən erməni kərpicdən tikilmiş o abidənin üzərinə beton örtüyü qoymuşdu. Məqsəd ondan ibarət idi ki, Azərbaycan xalqına aid olan tarixi abidə getdikcə çöksün, dağılsın. Bu gün bu proses Azərbaycanın işğal altındakı ərazilərində davam edir. Bu gün Azıx mağarasında qanunsuz qazıntı işləri aparırlar, uydurduqları faktlar əsasında özləri üçün saxta tarix yazırlar. Onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülüblər. Bu köçün 150 illiyi ilə bağlı özləri abidə qoymuşdular, onu da dağıtdılar ki, bu iz qalmasın. 
   Bu gün ermənilər bu torpaqlarda yaşayan azərbaycanlının, rusun, gürcünün, ləzginin, yəhudinin və digər millətlərə məxsus olan çörəyi də beynəlxalq səviyyədə öz adlarına çıxırlar. UNESCO səviyyəsində deyirlər ki, lavaş, musiqi, rəqs bizimkidir. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Bədnam qonşularımız isə işğalçılıq siyasəti yürüdərək milli mədəniyyətimizə əl uzadır, ona sahib çıxmaq istəyirlər. Lakin unutmasınlar ki, bu, heç vaxt mümkün olmayacaq. Çünki biz öz sərvətlərimizi qoruyuruq. Heç kəs Azərbaycan xalqının mədəni sərvətlərinə, torpaqlarına sahib çıxa bilməz. Bu gün bu məkan bir nümunədir, milli yaddaşımızın bir hissəsidir. Bizim məqsədimiz milli mədəniyyətimizi, milli sərvətlərimizi qoruyub yaşatmaq və dünyaya sübut etməkdir ki, erməni faşizmi bu gün də yaşayır və ona qarşı bütün bəşəriyyət tərəfindən mübarizə aparılmalıdır”.
   * * *
   AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxışında bildirib ki, Azərbaycan dövləti bizim qarşımızda xalqımızın və Vətənimizin həqiqi tarixini yazmaq vəzifəsi qoyub. Bizim institutun alimləri xarici ölkələrin arxivlərində Azərbaycanla bağlı sənədləri ölkəmizə gətiriblər. Bu sənədlər Azərbaycan xalqına, bu regionda türk, müsəlman əhaliyə, digər millətlərin nümayəndələrinə qarşı törədilmiş soyqırımları faktını əyani surətdə təsdiq edir. 
   Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Kamal Çiçək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış ediblər.
   Dini konfessiyaların rəhbərləri soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.
   Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransa yekun vurub.