Martın 30-da Mərdəkan mədəniyyət sarayında Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub.
   Baş idarənin rəis müavini Nazim Əliyev çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, müsabiqəyə Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən 300-ə yaxın iştirakçı qatılıb. O, festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhfəsini verdiyini vurğulayaraq qalibləri təbrik edib. N.Əliyev “Testene-Art” mədəniyyət assosiasiyasının rəhbərliyinə təşəkkürünü bildirib və qurumun prezidenti Z.İnessaya milli musiqi alətlərimizi özündə əks etdirən xatirə hədiyyəsi təqdim edib.
   Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqənin Qran-pri mükafatına Rza Xosrovzadə (estrada nominasiyası) layiq görülüb. Münsiflər heyətinin üzvləri festival-müsabiqənin gedişi, istedadlı uşaqların çıxışları barədə öz fikirlərini söyləyiblər.
   Mükafatlandırılmadan sonra qaliblərin qala-konsertində bir-birindən gözəl musiqi nömrələri təqdim edilib. Çıxışlar alqışlarla qarşılanıb.