Aleksandr Qorodnitskinin 85 illik yubileyi qeyd olunub
Moskvanın Mərkəzi Ədəbiyyatçılar Evində tanınmış rus şairi, Azərbaycan paytaxtına həsr olunan bir sıra məşhur mahnıların müəllifi Aleksandr Qorodnitskinin 85 illik yubiley gecəsi keçirilib.
Gecənin aparıcısı - TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman yubilyarın Bakıya bir neçə mahnı həsr etdiyini söyləyib: "Hətta bu mahnılardan biri mənə həsr olunub. Ona görə də Aleksandr Moiseyeviçin bu gecəni aparmağı mənə həvalə etməsi mənim üçün çox dəyərlidir. Aleksandr Moiseyeviçə doğma şəhərim Bakıya olan bu sevgisinə görə təşəkkürümü bildirirəm".
Yubilyarı təbrik edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, bakılılar Aleksandr Qorodnitskini öz şairi hesab edirlər: "Onun Bakı haqqında möhtəşəm şeirləri və mahnıları var. O, müəllif mahnıları müsabiqəsində iştirak edib. Arzu edirəm ki, Aleksandr Moiseyeviçin 100 illik yubileyinə yığışaq".
Polad Bülbüloğlunun təbrikinə və xoş sözlərinə görə minnətdarlığını bildirən yubilyar gecədə Bakıya həsr etdiyi mahnını da ifa edib.
Qeyd edək ki, Aleksandr Qorodnitski Rusiyanın geologiya və okean geoifizikası sahəsində aparıcı alimlərindən biri, Rusiya Elmlər Akademiyasının üzvüdür. O, eyni zamanda müəllif mahnısı janrının ustalarından hesab olunur. "Atlantı" adlı mahnısı ilə 1966-cı ildə keçirilən Ümumittifaq müsabiqəsində ən yaxşı turist mahnısının qalibi olub.