Küveyt Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu fikri Küveytin Baş nazirinin birinci müavini, müdafiə naziri Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanla görüşdə söyləyib.
   Səfirlikdən bildiriblər ki, Baş nazirin birinci müavini Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. Azərbaycan tərəfin Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarının yüksək qiymətləndirildiyini deyən Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah bu addımın, həmçinin iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrə müsbət təsir göstərdiyini deyib. O, təhlükəsizlik, gözəl təbiət, zəngin mədəniyyət və ləziz mətbəx baxımından küveytlilər üçün çox cazibədar ölkə olan Azərbaycana səfər edənlərin sayında artımın olmasını sevindirici bir hal kimi qeyd edib. Baş nazirin birinci müavini Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirib və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirib.
   Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirən səfir Elxan Qəhrəman iki ölkə arasında iqtisadi-ticarət, investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin vacibliyini qeyd edib. 
   Ölkələrimiz arasında birbaşa aviareyslər başlandıqdan sonra Küveytdən Azərbaycana 17 min turistin səfər etdiyi, birbaşa aviareyslərin həftədə 6 dəfə həyata keçirildiyi, 2016-cı ildən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının elektron “ASAN Viza” sistemi vasitəsilə qısa müddətdə viza almaq imkanında olduqları barədə məlumat verilib. Diplomat Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə olacağını deyib.