Fransanın Dovil şəhəri ilk dəfə olaraq Luvr muzeyinin təşkil etdiyi “Art Shopping” festivalına ev sahibliyi edib. İstedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərli də incəsənət festivalında iştirak edib.
Festivalın açılışında iştirak edən şəhərin meri Filip Ojye gənc rəssam Məryəm Ələkbərlinin stendini ziyarət edib. O, rəssamın əsərlərinin məziyyətlərindən danışıb, müəllifə uğurlar arzulayıb.
Festivala gələn incəsənət kolleksiyaçıları da Məryəmin stendi ilə yaxından tanış olublar. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardye Məryəmin rəsm əsərini şəxsi kolleksiyasına daxil etdikdən sonra gənc rəssamın əsərləri tanınmış kolleksiyaçılar tərəfindən maraqla izlənilir.
Fransız qalereyalarının rəhbərləri gənc rəssamın vernisajlarını keçirməyi təklif ediblər. İncəsənət nümayəndələri və ziyarətçilər gənc rəssamın stendini maraqla izləyib, əsərləri ilə bağlı fikirlərini bölüşüblər.
Fərqli baxışları olan azərbaycanlı gənc rəssam maraqlı, qeyri-standart ölçülü əsərləri ilə Fransada incəsənət nümayəndələrinin diqqətini artıq bir neçə ildir ki, cəlb edib. Parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürən müəllif artıq rəssamlıqda öz dəst-xəttini yaradıb. İncəsənət tarixçiləri Məryəm Ələkbərlinin, Parisdə təhsil alsa da, əsərlərində hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini vurğulayırlar. Onun əsərləri canlı rənglərin improvizasiyası vasitəsilə ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.
Qeyd edək ki, aprelin 2-dək davam edən “Dovil Art Shopping” festivalında 80 rəssamın, memarın, fotoqrafın əsərləri nümayiş olunub.