Bölgələrimizdəki tanınmış təsviri sənət ustalarından biri Lənkəranda yaşayıb-yaradan rəssam Adil Əsədlidir. O, 1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib. Həmin ildən Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin direktoru işləyir. 
   İlk sərgisini 1983-cü ildə tələbə ikən açan rəssam, on il sonra Lənkəranda fərdi sərgisini keçirib. 1996-cı ildə o, doğma şəhərində ikinci fərdi sərgisini tamaşaçılara təqdim edib. İki il sonra isə rəssamın çalışdığı Lənkəran Dövlət Universitetində yeni fərdi sərgisi təşkil edilib. 
   2012-ci ildə Bakıda “LN Art” rəsm qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə A.Əsədlinin 15-ə yaxın əsəri sənətsevərlərə təqdim edilib. Həmin il Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb. 
   Lənkəran Dövlət Universitetinin dosenti olan A.Əsədlinin 40 ilə yaxın pedaqoji stajı, müəllim kimi təqdir olunası fəaliyyəti var. Uzun illər boyu onun şagirdləri yerli və beynəlxalq sərgilərdə iştirak edərək çoxlu fəxri fərman, diplom və medal alıblar. 
   2014-cü ildə A.Əsədlinin “Rəngkarlıq və qrafika” adlı kitabı çapdan çıxıb. “Rəsmin tədrisi metodikası” adlı başqa bir kitabı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən dərs vəsaiti kimi çap olunub. 
   O həm rəngkar, həm də qrafik kimi tanınır. Rəngkarlıq və qrafik əsərləri Türkiyə, İran, Rusiya, İngiltərə, Fransa, Polşa, Gürcüstan, Yaponiya, Çin, İsrail, Ukrayna, Özbəkistanda şəxsi kolleksiyalarda saxlanılır. 2013-cü ildə Lənkəranda olan Yaponiya səfiri Şu Suki Vatanabeyə şəhər icra başçısı tərəfindən A.Əsədlinin “Lənkəranda xan evi” əsəri təqdim edilib. ABŞ-ın Kentucki ştatından olan George Rusell isə Lənkəranda olarkən rəssamın bir neçə tablosunu alaraq vətəninə aparıb. 
   2014-cü ildə A.Əsədlinin V.Səmədova adına sərgi salonunda fərdi sərgisi baş tutub. 2015-ci ildə isə Lənkəran Dövlət Dram Teatrının foyesində A.Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb. Rəssam bu gün də axtarışlarını davam etdirir, yeni əsərlər üzərində çalışır. 
   
   S.Qaliboğlu