Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli Uşaq musiqi məktəbində Əməkdar artist Sahib Paşazadənin solo konserti keçirilib.
Konsertdən əvvəl məktəbin direktoru Nəzifə Əliyeva S.Paşazadənin musiqi fəaliyyətindən söhbət açıb.
Bildirilib ki, S.Paşazadə Azərbaycan Milli Konservatoriyasında Xalq çalğı alətləri şöbəsinin dosenti və özünün yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəridir. Bir çox beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı olub və mükafatlar qazanıb.
Konsert zamanı Sahib Paşazadə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edib. O, A.Məlikovun “Məhəbbət əfsanəsi” və “İki qəlbin dastanı” baletindən fraqment, V.Adıgözəlovun “Qərənfil”, F.Şubertin “Serenada”, F.Şopenin “Vals”, V.A.Motsartın “Rondo” və digər əsərləri səsləndirib.