XX əsrin birinci yarısında Türkiyə ədibləri arasında özünəməxsus yaradıcılığı ilə seçilən yazarlardan biri də Yəhya Kamal olub. O, bədii yaradıcılıqla bərabər, diplomatik fəaliyyəti ilə də tanınıb.
   Yəhya Kamal İbrahim Hacı bəy oğlu 1884-cü ildə Makedoniyanın paytaxtı Skopye (Üsküp) şəhərində məmur ailəsində dünyaya göz açıb. Burada “Məktəbi-ədəb” təhsil ocağında oxuyur. Valideynləri Yunanıstanın Selaniki şəhərinə köçür və o, təhsilini burada başa vurur. 
   1902-ci ildə İstanbula gedən Yəhya orada xalq yaradıcılığı məclislərində iştirak edir. Şəkib adlı bir gənclə tanışlığı ona mühüm təsir göstərir. Çünki Şəkib bəy vaxtilə Fransaya sürgün olunmuşdu. Onun Avropa barədə danışıqları Yəhya Kamalın marağına səbəb olur. Ona görə də atasından icazəsiz Parisə gedir. “Gənc Türklər” hərəkatı ilə sıx əlaqələr qurur. 1904-cü ildə Parisdə Siyasi elmlər məktəbində oxuyur. Yəhya Kamal 1912-ci ildə İstanbula dönür. Orta məktəblərdən birində tarix və ədəbiyyat dərslərini tədris edir. Türkçülüyün kökləri və inkişafı barədə tədqiqat aparır. Professor Elman Quliyev araşdırmasında yazır ki, Y.Kamal XX əsr türk şeiri və nəsrinin inkişafında xidməti olan sənətkardır. Bir sıra nəsr və publisistik əsərlər yazsa da, qüdrətli şair kimi tanınıb. O öz şeirləri ilə türk şeir dilinin saflaşmasına, poetik imkanlarının genişlənməsinə töhfələr verir. Onu da qeyd edək ki, Y.Kamal poeziyaya erkən yaşlarında gəlib. Araşdırmalarda göstərilir ki, şairin əldə olunan ilk şeiri Balkan müharibəsinə həsr etdiyi qitə janrında əsəridir. Onun ilk dərc olunan şeiri isə İstanbula həsr etdiyi “Xatirə” əsəridir. Maraqlıdır ki, müəllif bu şeiri İstanbulu görmədən qələmə alsa da, qarşısına qoyduğu məqsədə nail ola bilib. 
   O, İstanbulda olarkən “Sərvəti-fünun” ədəbi cərəyanının tərəfdarları ilə əlaqə yaradır. Lakin bu ədəbi hərəkatın nümayəndələrindən fərqli olaraq türk dilində avropasayağı şeirlər yazmır, milli şeirlər qələmə alır. Buna görə də yaradıcılığı oxucular tərəfindən təqdir olunur. Yaradıcılığında doğma dilə sevgi xüsusi yer tutur. Əsərlərində türk şeir ənənələrinə sadiq qalaraq vətənə sədaqət hissini ön plana çəkir. İstanbuldakı tarixi tikililəri milli memarlıq sənətinin şah əsərləri hesab edən şair “İstanbulun fəthi” şeirində tarixin bu şanlı səhifəsinin önəminə toxunur. 
   Müəllifin şeirləri sadə dil-üslub xüsusiyyətləri ilə seçilir. Klassik formada yazdığı şeirlərində də qəliz izafət tərkiblərindən bacardıqca az istifadə edib. Onun ən böyük xidməti türkcə danışığı ədəbi dil səviyyəsinə qaldırmasıdır. Şairin “Mahac türküsü”, “Ox”, “Akınçılar”, “Səssiz gəmi”, “Rindlərin axşamı”, “Rindlərin ölümü”, “Üfüqlər”, “Səs” və s. şeirlərində daxili ahəng və musiqilik üstünlük təşkil edir. 
   Y.Kamal yaradıcılığı boyu türk xalqının qəhrəmanlıq salnaməsini yazmağa, onun bədii tərənnümünü verməyə çalışıb. Türklərin tarixi zəfərləri (Malazgird, Çanaqqala və s.) onun yaradıcılığında özünəməxsus yer tutur. Bu məzmunlu əsərlərdə türk ordusunun qəhrəmanlığı milli qürur hadisəsinə çevrilir: 
   
   Ta Malazgird ovasından yüyürən Türkoğlu,
   Bu nəfərmiydi? Dərin gözləri yaşlarla dolu,
   Üzü dünyada igid üzlərinin ən gözəli,
   Çox böyük bir işi görməklə yorulmuş beli. 
   
   Şair xatirələrində qeyd edir ki, roman yazmaq istəsə də, poeziyaya daha çox maraq göstərib. “Şeirdə qazandığım uğuru romanda qazana bilməyəcəyimi yəqin etdim”, - deyən müəllif hekayəçilikdə də bir sənətkar kimi özünü sübut edib. Qələmə aldığı bədii nümunələri “Siyasi hekayələr” adı ilə çap etdirib. Əsərlərin bu adla çap olunmasının məqsədi oxucuların diqqətini hekayələrdə əks olunan ictimai-siyasi hadisələrə yönəltmək olub.
   Y.Kamal 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinə (TBMM) üzv seçilir. O, bu dövrdən etibarən diplomatik fəaliyyətə başlayır. 1925-ci ildə Varşavada Türkiyənin səfiri təyin olunur. 1929-cu ildə missiyasını Madriddə davam etdirir. 1934-1943-cü illərdə yenidən TBMM-in üzvü olur. 
   1947-1948-ci illərdə Pakistana səlahiyyətli səfir təyin edilir. Yenicə istiqlalını qazanan Pakistanda bu iki dövlət arasında siyasi, mədəni əlaqələrin inkişafına töhfələr verir. Qəfildən xəstələndiyi üçün 1949-cu ildə İstanbula dönür. Ancaq xəstəliyi uzun sürür. Müalicə üçün bir neçə dəfə Fransaya getsə də, bir nəticəsi olmur. Görkəmli ədib 1958-ci ildə vəfat edir. 
   
   Savalan Fərəcov