Azərbaycanda turizmin inkişafı məqsədilə viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyev bu fikri aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı qeyd edib.
   Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğulayıb.
   Prezident BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayaraq turizmin inkişafı sahəsində görülən işlərə toxunub. Dövlət başçısı viza rejiminin daha da sadələşdirilməsi üçün addımların nəzərdən keçirildiyini deyərək BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd edib.