Aprelin 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüş keçirilib. 
   Görüşdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ölkəmizin turizm potensialı, turizmin inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında danışıb. Qonağa universitetin fəaliyyəti haqqında məlumat verən İlham Mədətov qeyd edib ki, 2006-cı ildə yaradılan ali məktəb ötən müddətdə beynəlxalq təcrübəni tətbiq edərək turizm sənayesi üçün kadrların hazırlanması işində bir sıra uğurlara imza atıb. 
   Diqqətə çatdırılıb ki, universitetdə 2018-ci ildən etibarən MBA proqramları üzrə qəbul başlanılacaq. ATMU kadr hazırlığı üzrə beynəlxalq əlaqələrini də genişləndirir və ölkəmizdə ilk ikili diplom verən ali təhsil müəssisəsidir.
   Hazırda üç fakültə və on kafedrada on bir ixtisas üzrə bakalavriat səviyyəsində 1600-dən çox, magistraturada 157, doktoranturada 26, dissertanturada 18, əlavə təhsil üzrə 28, həmçinin ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 440 nəfər təhsil alır. 
   ATMU ötən 12 ildə bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub. O cümlədən 2011-ci ildən Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü”, 2012-ci ildən isə “Bilik Şəbəkəsi”nin üzvü kimi qurumun keçirdiyi tədbirlərin fəal iştirakçısıdır.
   Sonra Zurab Pololikaşvili çıxış edərək səmimi qəbula və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. Azərbaycanın böyük turizm potensialının olduğunu vurğulayan qonaq ölkəmizin Dünya Turizm Təşkilatı ilə əlaqələrini də yüksək qiymətləndirib. 
   DTT-nin baş katibi ATMU kollektivinə Azərbaycanın turizm sənayesi infrastrukturunun formalaşması və daha da təkmilləşməsində əsaslı rol oynayacaq ixtisaslı kadr hazırlığı sahəsindəki peşəkar fəaliyyətində uğurlar arzulayıb.
   
   Fariz