“AİTF 2018” turizm peşəkarlarını və səyahət həvəskarlarını bir araya gətirib
Bakıda 17-ci dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AİTF 2018”) turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayaraq regionun həm daxili, həm də xarici turizm dinamikasını təqdim edir. Xəzəryanı regionun turizm sənayesinin əsas sərgisi mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi üçün mühüm platformadır.
Bu fikirləri aprelin 4-də “AİTF 2018”ə həsr edilmiş mətbuat konfransında sərginin təşkilatçısı - “İTE Group” şirkətinin regional direktoru Edvard Stroon dedi. O bildirdi ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən “AİTF” sərgisində bu il 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. Sərginin builki tərəfdaş ölkəsi Bolqarıstandır.
E.Stroon qeyd etdi ki, sərgidə tibbi və sağlamlıq turizmi sektoru geniş təqdim olunacaq. Bu il tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.
Turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri olduğunu söyləyən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd etdi ki, AİTF sərgisi hər il Azərbaycanda bu sahənin imkanlarını nümayiş etdirməklə bərabər, ölkənin daxili turizm sektorunun inkişafına öz töhfəsini verir. Eyni zamanda sərgi Azərbaycanın turizm potensialını əyani şəkildə xarici qonaqlara nümayiş etdirir.
Sərginin meneceri Cəmilə Quliyeva bildirdi ki, iştirakçılar arasında hər il yeni-yeni həm yerli, həm də xarici ölkələri təmsil edən debütant şirkətlər də yer alır. Onun sözlərinə görə, bu il belə şirkətlər iştirakçıların 31 faizini təşkil edir.
Qeyd olundu ki, AİTF sərgisi ölkəmizdə daxili turizmin inkişafını fəal şəkildə əks etdirir. Ənənəvi olaraq bu il də ölkənin turizm potensialı regionlar tərəfindən nümayiş olunacaq, müxtəlif turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər hotellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.
Tədbirlər üzrə menecer Nəzrin Şamxalova 17-ci AİTF ilə bərabər, Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2018”) sərgisi haqqında da məlumat verdi. Bildirdi ki, “Horex Caucasus” regionda hotel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.
Fariz Hüseynov