Macarıstanın Vişeqrad qrupuna sədrliyi çərçivəsində Bakıda bu ölkələrin turizm potensialına dair tədbir keçirilib.
Tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Vişeqrad qrupunun güclü və uğurlu şəkildə fəaliyyətini davam etdirdiyini deyib.
O, ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdiyini deyərək birbaşa hava reysinin bərpasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafına təkan verəcəyini əlavə edib.
Daha sonra Macarıstan, Çexiya, Slovakiya və Polşanın turizm potensialına dair videotəqdimat olub.
“Vişeqrad dördlüyü” 1991-ci il fevralın 15-də Macarıstanın Vişeqrad şəhərində sözügedən ölkələrin regional işbirliyi və Avropa İttifaqına üzvlük yolunda addımlarını əlaqələndirmək məqsədilə təsis edilib.