Bolqarıstanda beynəlxalq festivalda Qara Qarayevin yaradıcılığından bəhs edən fotosərgi keçirilib
   
   Bolqarıstanın Ruse şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi keçirilib.
   Bəstəkarın 100 illik yubileyi münasibətilə təşkil edilən sərginin açılışında əvvəlcə Ruse şəhərinin meri Plamen Stoilovun təbrik məktubu oxunub.
   Gecənin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu il Azərbaycanda bir sıra yubileylərin, o cümlədən müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini nəzərə çatdırıb. Diplomat bu ilin, həmçinin Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğunu, 1908-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə müsəlman Şərqində opera sənətinin əsasının qoyulduğunu vurğulayıb.
   Azərbaycan musiqiçilərinin dünya musiqisini özünəməxsus nümunələrlə zənginləşdirdiyini qeyd edən səfir 100 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığından bəhs edib. Bildirib ki, yaradıcılığında Şərq və Qərbin vəhdəti təcəssümünü tapan musiqiçi 1961-ci ildə Sovet İttifaqı tərəfindən I Beynəlxalq Los-Anceles Musiqi Festivalına göndərilən iki bəstəkardan biri olub, “İldırımlı yollarla” baleti festival çərçivəsində ifa olunub.
   Tədbirdə daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək Qara Qarayevin zəngin yaradıcılığı barədə sərgi iştirakçılarına ətraflı məlumat verib, onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Vətən” operası, “Leyli və Məcnun” simfonik poeması və digər əsərlərinin təkcə Azərbaycan musiqisini deyil, həmçinin dünya musiqisini zənginləşdirdiyini vurğulayıb. Direktor bu sərginin bolqar musiqisevərlərə görkəmli bəstəkarı, onun vasitəsilə Azərbaycan musiqi mədəniyyətini yaxından tanımağa imkan yaradacağına inamını ifadə edib.
   Ruse şəhəri merinin humanitar fəaliyyət üzrə müavini İvan Qriqorov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. 
   Sərgi çərçivəsində, həmçinin bəstəkar haqqında sənədli film nümayiş etdirilib, əsərlərindən bəziləri səsləndirilib. 
   Qeyd edək ki, “Mart musiqi günləri” beynəlxalq festivalı Bolqarıstanın ən nüfuzlu festivallarından hesab olunur. 1961-ci ildə əsası qoyulan festival Ruse şəhərini Avropanın tanınan musiqi paytaxtına çevirir.