Aprelin 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş festival çərçivəsində “Tristessa” müasir musiqi gecəsinin keçirilməsi nəzərdə tutulub.
Konsert Azərbaycan Respublikası Prezidentinin “Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi Tədbirlər planına əsasən gerçəkləşəcək.
Gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Əməkdar artist Fəridə Məmmədova çıxış edəcək.
Proqramda görkəmli Avstriya bəstəkarı Alban Berqin soprano və orkestr üçün “Lulu” süitası və Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin orkestr üçün “Tristessa I” (“Vida”) simfoniyası səslənəcək.
Fərəc Qarayev orkestr üçün “Tristessa I” simfoniyasını 1982-ci ildə yazıb. Əsər dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilib və partiturasında “Atama. Müəllimimə. Dostuma ithaf” yazılıb. Simfoniyada sitat kimi Qara Qarayevin bir neçə fortepiano prelüdündən istifadə edilib. Əsərin sonunda musiqiçilər səhnəni tədricən tərk edirlər, bu da Y.Haydının məşhur “Vida” simfoniyasına bir növ allüziyadır. Əsər ilk dəfə 1983-cü ildə dirijor Rauf Abdullayevin idarəsi altında səslənib və böyük əks-səda doğurub.
Alban Berq (1885-1935) tanınmış Avstriya bəstəkarı, pedaqoqu, alman ekspressionizmi və Yeni Vyana Məktəbinin nümayəndələrindən biridir. O, A.Şönberqin tələbəsi və onun yaradıcılığının fəal təbliğatçısı olub, ilk əsərlərini dodekafon texnikasında yazıb. Yaradıcılığı XX əsr bəstəkarları D.Şostakoviç, Q.Qarayev, E.Denisov, A.Şnitke və başqalarına böyük təsir göstərib. A.Berqin beş hissədən ibarət soprano və orkestr üçün “Lulu” süitası 1934-cü ildə bəstəkarın eyniadlı operasından konsert ifası versiyası şəklində işlənib. Əsər bəstəkarın müəllimi və dostu A.Şönberqin 60 illiyinə həsr edilib.