"WokiFi" layihəsi start götürüb
   
   Azərbaycan Konqreslər Bürosunun (AKB) “Simbrella” şirkəti ilə birgə təşəbbüsü olan “WokiFi” layihəsi 2018-ci ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi sayəsində start götürüb.
   Layihə turistlərə və mehmanxana qonaqlarına portativ Wi-Fi təminatlı 4G cihazlarını icarəyə götürməyə imkan verir.
   “Simbrella” şirkətinin hazırladığı proqram təminatına malik olan mövcud xidmətin unikallığı ondadır ki, qonaqlar ölkəmizin istənilən nöqtəsində ayrıca internet xidmətindən istifadə etmək imkanı qazanacaqlar. Bu cihazı icarəyə götürməklə, fasiləsiz və sürətli internetdən maşında, küçədə, təbiət qoynunda, hətta çimərlikdə də istifadə etmək olar. Yüksək sürətli portativ Wi-Fi qurğusuna eyni zamanda beş cihazın qoşulması mümkündür.
   Turistlər və qonaqlar məhsuldan istifadəyə başlayarkən, təqdim edən hotelin səhifəsində xidməti aktivləşdirə və təklif edilən tarif planlarından birini seçə bilərlər. Xidmətə görə ödəniş, digər əlavə xidmət haqları kimi, hotelin hesab-fakturasına daxil edilir. 
   Hələlik layihə pilot mərhələsindədir və yalnız Bakının bəzi hotellərində təqdim edilir. Xidmətin tətbiqi ölkənin imicinə müsbət təsir göstərməklə, turistlərin nəzərində Azərbaycanın cəlbediciliyini daha da artıracaq və turizm sənayesi üçün əlavə mənfəət mənbəyi yaradacaq.