2016-cı ilin sonunda yaradılan Azərbaycan Turizm Şurasının işi uğurla davam edir. Şura bu vaxtadək müxtəlif istiqamətlər üzrə 145 qərar qəbul edib, bu qərarlardan 107-si tam olaraq icra edilib. 
   Bu sözləri Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 6-da Bakı Biznes Mərkəzində Şuranın yeddinci iclasında dedi.
   İclasda ölkəmizdə səfərdə olan BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili də iştirak edirdi.
   Ölkəmizdə turizmin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu deyən nazir bu sahənin milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir. 
   Əbülfəs Qarayev gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra ötən ilin turizm yekunları haqqında məlumat verdi. Bildirdi ki, 2017-ci ilin turizm göstəriciləri olduqca ürəkaçandır. Həmçinin Milli Turizm Təbliğat Bürosu, qısa zaman əvvəl yaradılmasına baxmayaraq, uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələr həyata keçirilib. Qeyd olundu ki, bu il Novruz bayramı günlərində paytaxtın Fəvvarələr meydanında təşkil edilən tədbirlərə ümumilikdə bir milyondan çox insan qatılıb. 
   Vurğulandı ki, ötən il ölkəmizə gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 691 min 998 nəfər təşkil edib. Azərbaycana səfər edən xarici vətəndaşlar arasında ilk sıralarda Rusiya (853 min nəfər), Gürcüstan (537 min), İran (362 mindən çox), Türkiyə (300 mindən çox), Birləşmiş Ərəb Əmirlikləri (100 mindən çox) vətəndaşlarıdır. Sonrakı yerləri Ukrayna, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələr bölüşür. Ötən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri üzrə əməliyyatları 1 milyard manatdan çox olub. Nağdsız ödəmələrin miqdarı 70 faiz artıb. 
   Nazir 2018-ci ilin ilk üç ayında Azərbaycana gələn xarici qonaqların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faizdən çox artdığını diqqətə çatdırdı. Bildirdi ki, Novruz bayramı günlərində təkcə qonşu İrandan ölkəmizə 71 min nəfər turist gəlib.
   Qeyd olundu ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində Turizm Şurasının müvafiq işçi qrupları da fəaliyyətlərini davam etdirir, bu sahədə qarşıya çıxan məsələlər operativ şəkildə həllini tapır.
   Ölkəmizin turizm sənayesinin dünya turizminin tərkib hissəsi olduğunu deyən Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil edilir. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir.
   Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycanın böyük turizm potensialı var: "Sevindirici haldır ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun prioritet istiqaməti kimi turizm sənayesinin inkişafına xüsusi diqqət göstərir. Mən səfərim çərçivəsində çoxlu görüşlər keçirdim, tədbirlərdə iştirak etdim. Gördüklərim onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə dünya turizm sənayesində özünəməxsus yer tutacaq".
   Dünya dövlətlərinin turizm sənayesinin inkişafı üçün qarşılıqlı əlaqələrinin vacibliyini vurğulayan Zurab Pololikaşvili ölkəmizin də bu əməkdaşlıqda fəal olduğunu bildirdi. O, Turizm Şurasının yaradılmasını yüksək qiymətləndirdi, quruma gələcək fəaliyyətində uğurlar arzuladı.
   Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Sağlamlıq turizmi üzrə işçi qrupun rəhbəri Vüqar Şixəmmədov qrupun gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurasının Sağlamlıq turizmi üzrə işçi qrupu (eləcə də Naftalan üzrə neft-tədqiqat qrupu) yaradılıb. Qrupun tərkibi Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik A.Qarayev adına Fiziologiya İnstitutu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” SC, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Naftalan Şəhər İcra Hakimiyyəti, Milli Turizm Təbliğat Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndələrindən ibarətdir. Ölkəmizdə sağlamlıq turizminin texniki-iqtisadi baxımdan araşdırılmasının vacibliyini vurğulayan V.Şixəmmədov qeyd etdi ki, beynəlxalq sertifikatların əldə olunması bizim üçün daha aktualdır. Yaxın günlərdə ilkin olaraq Naftalan neftinin balneoloji tərkibi haqqında sertifikatın Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunması gözlənilir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Turizm sahəsində təhlükəsizlik üzrə işçi qrupunun həyata keçirdiyi işlər haqqında məlumat verdi.
   Daha sonra Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Ülviyyə Mirqasımova növbəti Bakı Şopinq Festivalının keçirilməsi, Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov qış turizm mərkəzlərində işgüzar tədbirlərin təşkil edilməsi barədə çıxış etdilər.
   Şura üzvləri turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirlərini bildirdilər. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıldı.
   Şuranın sədri Əbülfəs Qarayev iclasa yekun vuraraq qurumun bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi.
   
   Fariz Hüseynov