Yerli və xarici turistlərə ölkəmiz, onun turizm imkanları barədə dolğun məlumatların verilməsi, turist məmnuniyyətinin təmin edilməsi və turistlərlə kommunikasiyanın düzgün qurulmasında turizm bələdçilərinin fəaliyyəti önəmli rol oynayır.
Bununla bağlı aprelin 9-da “Hilton” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərcüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirilib.
Toplantını Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev açaraq, ölkəmizdə turizmin inkişafı, turizm sahəsi ilə bağlı yaradılmış assosiasiya və ictimai birliklər (Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi) haqqında məlumat verib. Şöbə müdiri turizm bazarının genişlənməsi, ölkəmizdə fəaliyyət göstərən turizm bələdçilərinin sayının artması və bu sahədə görüləcək işlərin daha da sürətləndirilməsi məqsədilə Bələdçilər Assosiasiyasının yaradılması zərurətinin yarandığını qeyd edib.
Bu təkliflə bağlı bir neçə bələdçi çıxış edərək assosiasiyanın yaradılması məsələsini dəstəkləyib. Toplantıda iştirak edən 125 bələdçi tərəfindən təklif səsvermə yolu ilə dəstəklənib.
Toplantının davamı olaraq Bələdçilər Assosiasiyasının təsis konfransı keçirilib. İclası Təşəbbüs qrupunun sədri seçilmiş Əlixan Mürvətov aparıb. Səsvermə yolu ilə assosiasiyanın 9 nəfərdən ibarət İdarə heyəti müəyyən edilib.
Tədbirdə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çıxış edərək yeni yaradılan Bələdçilər Assosiasiyasına ilkin mərhələdə təşkilati işlərin həyata keçirilməsində və gələcək fəaliyyətində dəstək göstərəcəklərini bildirib.
İclasın sonunda yeni yaradılmış assosiasiyanın dövlət qeydiyyatına alınması ilə bağlı İdarə heyətinin üzvləri tərəfindən müvafiq müraciətin edilməsi qərara alınıb.
Azərbaycan Bələdçilər Assosiasiyasının yaradılması ölkəmizin Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) üzv olunması, beynəlxalq standartlara cavab verən bələdçi və təlimçilərin hazırlanması, vahid ekskursiya mətnlərinin tərtibi, turizm bələdçilərinin elektron kataloqunun hazırlanması və turizm sənayesinin digər fəaliyyət sahələrinə öz müsbət töhfəsini verəcək.