Prezident İlham Əliyev “AİTF 2018” sərgisi ilə tanış olub
   
   Xəbər verdiyimiz kimi, aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AİTF 2018”) və 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2018”) sərgisi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da sərgilərlə tanış olublar.   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
   Qeyd olunub ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən “AİTF 2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. “Horex Caucasus 2018” regionda mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar üzrə ən böyük ixtisaslaşmış sərgidir.
   Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Stenddə Azərbaycanın turizm marşrutları və məkanları, paytaxtla yanaşı, bölgələrin mövcud turizm potensialı və infrastrukturu barədə, həmçinin Bakının “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, 2017-2018-ci illər qış mövsümündə təkcə Şahdağ Turizm Mərkəzini 140 mindən çox turist ziyarət edib ki, onların yarısı xarici vətəndaşlar olub. 
   Bildirilib ki, Azərbaycan Turizm Assosiasiyasının stendində 15-ə yaxın şirkət təmsil olunur. Burada Bakıda və regionlardakı hotel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
   Qeyd olunub ki, sərgidə Qarabağ stendinə böyük maraq var. Azərbaycanın əzəli torpağı Qarabağın təbii gözəllikləri qonaqların xüsusi marağına səbəb olur. Bundan əlavə, digər bölgələrimizin təbii imkanları da sərgidə nümayiş etdirilir. Ölkəmizin zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi, müxtəlif turizm növləri üçün əlverişli imkanlar turistləri Azərbaycana cəlb edir. 
   Diqqətə çatdırılıb ki, sərgidə təmsil olunan Azərbaycan Konqreslər Bürosu ölkəmizi dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edir. 
   Dövlət başçısı və xanımı müxtəlif ölkələrin stendləri ilə də tanış olub. Bildirilib ki, AİTF sərgisinin daimi iştirakçısı olan Rusiyanın Stavropol vilayətinin stendində 50-yə yaxın şirkət, 25-dək sanatoriya öz xidmətlərini təklif edir. Sərgiyə 4 şirkətlə qatılan Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm marşrutları ziyarətçilər tərəfindən maraqla qarşılanır.
   İtaliyanı sərgidə bu ölkənin Milli Turizm Şurası təmsil edir. Qurum İtaliyanın turizm, hotel və yeməkxana komplekslərinin xidmətlərini nümayiş etdirir. 
   Gürcüstan da bu sərginin daimi iştirakçılarındandır. Budəfəki sərgidə ölkəni Gürcüstan Milli Turizm Administrasiyası təmsil edir. Qurumun stendində 10 şirkət xidmətlərini nümayiş etdirir. 
   Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15-ə yaxın şirkət turizm, sağlamlıq və müalicəvi xidmətlərini təklif edir.
   Çex Respublikası sərgidə 7 şirkətlə təmsil olunur. Geniş turizm imkanlarına malik bu ölkənin böyük hotellər şəbəkəsi, kurortlar və turizm şirkətləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.
   Bolqarıstan “AİTF 2018”in rəsmi tərəfdaşıdır. Ölkələrimiz arasında əməkdaşlığın nəticəsidir ki, bu ilin yanvarında Bakı-Sofiya aviaxətti açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınına müsbət təsir göstərir.
   Sərgidə ilk dəfə iştirak edən İndoneziyanı Şərqi Yava əyaləti təmsil edir. Ölkənin geniş turizm potensialını təqdim edən bu əyalətin şirkətləri növbəti illərdə sərgiyə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətlərini bəyan ediblər.
   Dünyada turizmin mühüm məkanlarından olan Tailandın şirkətləri ölkənin turizm potensialının cəlbediciliyini ziyarətçilərin diqqətinə çatdırır.
   Prezident və xanımı xarici ölkələrin turizm təmsilçiləri ilə söhbət edib, xatirə şəkli çəkdiriblər.