5-6 aprel tarixində Bakıda Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə daha bir beynəlxalq tədbir - “Frontline Freight Networks”un (“Cəbhə Yükdaşıma Şəbəkəsi”) 9-cu Qlobal toplantısı keçirilib.
Müxtəlif ölkələrdən 40-dək nümayəndənin iştirak etdiyi tədbir işgüzar görüş iclasları formatında gerçəkləşib. İştirakçılar üçün Bakının görməli yerlərinə, o cümlədən İçərişəhərə ekskursiya təşkil edilib.
Qeyd edək ki, “Frontline Freight Networks” (FFN) həm səlahiyyətli, həm də etibarlı yükgöndərmə və logistika mütəxəssisləri qrupudur. Dünyanın hər yerində üzvləri olan təşkilatın illik konfransının təşkilində əsas məqsəd işgüzar imkanları müzakirə etmək və fəaliyyətdə olan, eləcə də dünyanın hər yerindən cəlb edilən yeni üzvlərlə görüşməkdir. FFN İdarə heyətinin qərarına əsasən, budəfəki görüş məkanı Bakı seçilib.
2013-cü ildən fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır.