Türkiyənin Antalya şəhərində Beynəlxalq “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgi və konqresi keçirilib. Azərbaycanın da təmsil olunduğu tədbirə 22 ölkədən 48 nümayəndə qatılıb.    
   Tədbir çərçivəsində aprelin 7-də Qlobal Sağlamlıq Turizmi Şurası (Global Healthcare Travel Council - GHTC) Baş assambleyasının toplantısı, qurumun rəhbər orqanlarına növbəti seçki keçirilib. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti seçilib. Həmçinin altı vitse-prezident elan olunub. Eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası idarə heyətinin üzvü Ceyhun Aşurov GHTC baş katibinin müavini seçilib.
   Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb.
   O, jurnalistlərə müsahibəsində bildirib ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Qlobal Sağlamlıq Turizmi Şurasına rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Qlobal Sağlamlıq Turizmi Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.
   Qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir.