Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Klassik rəqs kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosent Yelena Perlina Bakı Xoreoqrafiya Akademiyası (BXA) rəhbərliyinin dəvəti ilə təhsil kompleksində ustad dərsləri keçib.
Y.Perlina ustad dərsləri zamanı tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Dərslərdə iştirak edən müəllim heyətinə də öz tövsiyələrini verən qonaq dünyada xoreoqrafiya sahəsində gedən proseslər və yaranan yeni cərəyanlar haqqında danışıb.
Dərsdən sonra təəssüratını bölüşən Y.Perlina qeyd edib ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətləri və müəllimlərin tədris metodikası Bakı Xoreoqrafiya Akademiyasının tədris prosesinin Rusiyanın A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrini özündə ehtiva etməsinin bariz nümunəsidir. Çünki Rus Baleti Akademiyası özündə dünya klassik rəqsinin ən qədim elementlərini olduğu kimi qoruyub saxlamağa müvəffəq olub. O, belə görüşlərin davamlı olacağına ümidvar olduğunu deyərək qonaqpərvərliyə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.