100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, o dövrdə ölkə həyatının bütün sahələrində, o cümlədən maarifçiliyin inkişafı istiqamətində mühüm addımlar atılmışdı. Bu sahədə həyata keçirilən əhəmiyyətli işlərdən biri də 100 azərbaycanlı gəncin hökumətin vəsaiti hesabına ali təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə oxumağa göndərilməsi idi. 
   Lakin təəssüflər olsun ki, çətin şərtlər altında cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti 1920-ci ildə bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra əksəriyyəti Vətənə dönə bilməyən həmin gənclərin də taleyi ürəkaçan olmadı. Qürbətdə keşməkeşli həyat yaşayan belə soydaşlarımızdan biri Zeynal bəy Əlizadədir. 
   Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev 24 aprel 1894-cü ildə Bakıda dünyaya göz açıb. Gənc ikən yaradıcılığa maraq göstərir, ağac üzərində oyma ilə məşğul olur, gildən fiqurlar hazırlayır, rəsmlər çəkirdi. Zeynal rəssam olmaq istəsə də, 1915-ci ildə “Realnı” məktəbi bitirdikdən sonra atasının təkidi ilə Moskva Kommersiya İnstitutuna qəbul olunur. 
   1918-ci ilin payızında Bakıya qayıdır. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunur. Bununla belə, o, rəssamlıq sənətinə olan marağından əl çəkmir, poçt markalarının bədii tərtibat işlərini yerinə yetirir. 1919-cu ilin iyununda Poçt və Teleqraf Nazirliyinin poçt markaları layihəsinin icrası Zeynal bəy Əlizadəyə həvalə edilir. 
   O, təhsilini davam etdirmək üçün Maarif Nazirliyinə müraciət edir. Müsabiqədən sonra Cümhuriyyət Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün Roma Kral Rəssamlıq Akademiyasına göndərilir. Ancaq Azərbaycanda siyasi rejim dəyişəndən sonra xarici ölkələrdə təhsil alan tələbələrə verilən təqaüd kəsilir. Z.Əlizadə də əksər tələbələr kimi maddi sıxıntı keçirir. Həmin ağır günlərdə Parisdə yaşayan Ceyhun bəy Hacıbəyli onun köməyinə çatır. 1922-ci ildə C.Hacıbəyliyə göndərdiyi bir məktubda təhsil alması haqqında məlumat verir və maddi yardıma görə minnətdarlığını bildirir. O, məktubda həmçinin öz sərgilərindən də söhbət açır. Ceyhun bəy də təhsilini başa vurması, fərdi sərgisini açması üçün ondan köməyini əsirgəmir. 
   Z.Əlizadə Roma Kral Rəssamlıq Akademiyasını 1923-cü ildə “heykəltəraşlıq professoru” diplomu ilə bitirir. Azərbaycana qayıtmaq istəsə də, bu addımı atmağa cəsarət etmir. İtaliyada güzəranını təsadüfi işlərlə, əsərlərini satmaqla təmin edir. Dünyanın ən görkəmli sənətkarlarının olduğu İtaliyada sifarişlərə ümid bağlamaq çox da nəticə verə bilməzdi. Lakin o, qarşılaşdığı çətinlikləri aradan qaldıra bilir. İtaliyada istedadlı heykəltəraş kimi tanınır, sifarişlər almağa başlayır. Hətta yaratdığı əsərlərdən ibarət böyük fərdi sərgi də təşkil edir.
   Araşdırmalarda bildirilir ki, İtaliyanın Peruca şəhərində böyük alman bəstəkarı Lüdviq van Bethovenin və rusiyalı mühacir, La Skala Teatrının məşhur opera müğənnisi Sigizmund Zaleskinin büstləri Zeynal Əlizadə yaradıcılığının məhsuludur.
   O, 1925-ci ildə anası Məryəmnisə xanımın xəstə olduğu barədə xəbər alır. Bakıya gəlmək istəyir. Ancaq vətəndən gələn bir-birindən acı xəbərlər onu bu fikirdən daşınmağa və qürbətdə qalmağa məcbur edir. Gənc rəssam 27 avqust 1927-ci ildə C.Hacıbəyliyə ünvanladığı məktubda yazırdı ki, akademiyanı bitirib, amma iş tapa bilmir. Maddi çətinlik çəkdiyi üçün Braziliyaya köçmək istəyir. Məktubda o, həmçinin Bakıdan gəlmiş bacısı Saranı və Berlində tələbə olan İbad Əliyevi də xatırlayır.
   Tədqiqatçı Nəriman Əbülrəhmanlı isə araşdırmasında yazır ki, Z.Əlizadənin sonrakı yaradıcılıq fəaliyyəti ABŞ və Türkiyə ilə bağlı olub. O, daimi iş tapmaq ümidi ilə Türkiyəyə gedib. Orada Azərbaycanın memarlıq və incəsənət inciləri barədə məqalələr dərc etdirib. 1934-cü ildə “Azərbaycan yurd bilgisi” dərgisində Atəşgah məbədi, Şirvanşahlar sarayı, Bayıl burnu, Qız qalası, Bibiheybət məscidi ilə bağlı dərc etdirdiyi məqalələrinə “Heykəltəraş Zeynal A.Saray” imzasını qoyub. 1954-cü ildə həmin dərgidə “Azərbaycanlı Zərdüşt məbədinin tarixi” adlı məqaləsi isə “Zeynal Akkoç” imzası ilə çap olunub. 
   Peşəkar təhsil almış ilk azərbaycanlı heykəltəraş Z.Əlizadənin vəfat tarixi indiyəcən müəyyən olunmayıb. Ötən əsrin ikinci yarısında bu sənətkar haqqında araşdırma aparan Mövsüm Əliyev müəyyən faktlar əldə edib. Bu mövzuda yazdığı məqalələrlə oxuculara itkin heykəltəraşımız barədə qısa məlumat verib. Z.Əlizadənin ötən əsrin 50-ci illərində İtaliyada vəfat etdiyi güman edilir.
   
   Savalan Fərəcov