TÜRKSOY-un baş katibi Düsen Kaseinov aprelin 11-də keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Düsen Kaseinov ölkə rəhbərini TÜRKSOY-un Baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adından səmimi qəlbdən təbrik edib. O, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamını bildirib: “Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır”.
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də Azərbaycan Respublikasının Prezidentinə məktub göndərib.
O, aprelin 5-7-də Bakıda keçirilən AİTF sərgisində iştirakını, dövlət başçısı ilə görüşünü xatırladaraq qeyd edir ki, Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. DTT-nin baş katibi Azərbaycan rəhbərinə təbrikini də çatdırıb: “Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək. Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram”.