Xəbər verdiyimiz kimi, 10-12 aprel tarixində Bakıda “Kainat” Gənclik Mərkəzinin ənənəvi layihəsi üzrə, İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsi keçirilib. 
    Aprelin 12-də Bakı Musiqi Akademiyasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti oldu. Qeyd edək ki, builki müsabiqə görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunub.
   Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirdi ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi və ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirməyə xidmət edib. Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan iri beynəlxalq mədəniyyət tədbirlərinə - festivallara, müsabiqələrə, forumlara uğurla ev sahibliyi edir. Nazir müavini mədəniyyətimizin dünyada təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxışında ənənəvi olaraq keçirilən müsabiqənin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə gənc nəslin istedadının ortaya çıxarılması üçün müxtəlif müsabiqələr təşkil olunur, onların bilik və bacarığının artırılması istiqamətində dövlətimiz öz dəstəyini əsirgəmir. 
   Sonra Yaşar Əliyev İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrinin müsabiqəyə ünvanladığı məktubu oxudu.
   Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru, professor Yeganə Axundova yeddinci dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini bildirdilər.
   Vurğulandı ki, layihə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.
   Daha sonra müsabiqənin qaliblərinin adları açıqlandı, onlara mükafatlar təqdim olundu.
   Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim edildi.
   Qeyd edək ki, müsabiqəyə 9 ölkənin (Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Tatarıstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair) təmsilçiləri qatılıb. 
   
   Fariz