Aprelin 12-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
   Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli klassik və müasir Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında, eləcə də xarici ölkə yazıçı və şairlərinin əsərlərinin dilimizə tərcümə olunaraq oxuculara çatdırılmasında mərkəzin fəaliyyətini yüksək dəyərləndirib. 
   Öz növbəsində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, ədəbi əlaqələrin genişləndirilməsini nəzərdə tutan memorandum AMEA-nın humanitar sahədə çalışan alimlərinin, xüsusilə ədəbiyyatşünasların elmi əsərlərinin mərkəzin xətti ilə xarici dillərə tərcüməsi işinə əlavə imkanlar yaradacaq.