Xəbər verdiyimiz kimi, aprelin 2-dən 9-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsi keçirilib.
Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, layihənin müəllifi və bədii rəhbəri BMA-nın nəzdindəki Orta ixtisas məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Tərlan Seyidovdur.
Respublikanın 29 şəhər və rayonundan 144 iştirakçı üç yaş qrupu üzrə iştirak etdiyi müsabiqəyə yekun vurulub. Münsiflər heyəti tərəfindən seçilən 11 iştirakçı müsabiqənin laureatı, 32 nəfər isə diplomantı adını qazanıb.
Müsabiqənin şərtlərinə görə, iştirakçılar birinci turda ifa etdikləri əsərlər üzrə elmi məruzə ilə çıxış edib, ikinci turda isə bu əsərləri fortepianoda səsləndiriblər.
Yekun mərasimdə BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva çıxış edərək iştirakçıları təbrik edib. O, layihə rəhbəri Tərlan Seyidovun bu səpkili tədbirlərin keçirilməsində xüsusi rolunu vurğulayıb.
Sonra qaliblər diplomlarla təltif olunub. Birinci dərəcəli diploma məktəb-studiyanın 4-cü sinif şagirdi Daniil Tyurin (müəllim Nərgiz Mansurova) layiq görülüb. Digər laureatlar - Bakıdan Şirin Əmiraslanova, Amin Zülfüqarlı, Səmra Həsənli, Əsmər Alxazova, Fidan Əmişova, Lənkərandan Sudana Cavadzadə, Gəncədən Fidan Bayramova, Göyçaydan Şöləxanım İbrahimli, Şirvandan Fidan Əkbərli, Yevlaxdan Sevda Feyzullayevadır.
Tədbir pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsi laureatlarının qala-konserti ilə başa çatıb.