“Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”
2018-ci ilin “İslam mədəniyyəti paytaxtı” olan Naxçıvanın turizm potensialını, mədəni irsini tanıtmaq məqsədilə aprelin 8-dən 10-dək qədim diyara infotur təşkil edilib. “Nəqşicahan Holdinq” tərəfindən “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi üzrə keçirilən infotura 12 ölkənin və Azərbaycanın müxtəlif turizm şirkətlərinin ümumilikdə 200-dək sahibkar və turizm mütəxəssisi qatılıb.
Səfərin ilk günü “Duzdağ” hotelində muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Sonra qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında iştirak ediblər.
Ardınca Culfa rayonunun ərazisindəki “Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Məlumat verilib ki, tarixi abidə və muzey muxtar respublika Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən bərpa olunub. Tur iştirakçıları “Xan sarayı” tarix-memarlıq, Möminə xatın və Açıq səma altında muzey kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda xoş təəssürat yaradıb. Bildirilib ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında infotur iştirakçılarına məlumat verilib ki, 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Duzdağ Fizioterapiya Mərkəzi, Uzunoba istirahət kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı, məşhur üzən ada, Ağbulaq istirahət mərkəzi ilə tanışlıq da yaddaqalan olub.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvanın turizm potensialı” adlı tanıtım filminə baxış keçirilib.
Təəssüratlarını bölüşən qonaqlar Naxçıvanın geniş turizm potensialı olduğunu və bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıblar.
İran İslam Respublikasından Araş Gəraylı bildirib ki, qonşu ölkədən Naxçıvana gələn turistlərin sayı kifayət qədərdir: “Biz də çalışacağıq ki, bundan sonra da muxtar respublikaya daha çox turistin gəlməsinə öz töhfəmizi verək”.
Türkiyədən gələn Serpil Onal turun təşkilatçılarına minnətdarlığını bildirib: “Bu, Naxçıvana ilk gəlişim deyil. Lakin turizm sahəsi üzrə mütəxəssis kimi ilk dəfədir ki, belə böyük layihədə iştirak edirəm. Muxtar respublikanın özünəməxsus gözəlliyi, qonaqpərvər insanları və hər şeydən öncə, səliqə-sahmanı ilə seçilən şəhər və kəndləri var. Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”.