Səhnə arxası
“İstehsalat təcrübəsi keçmək üçün bura göndərdilər. Dekorasiya barədə anlayışım yox idi. Nə tapşırdılar, yerinə yetirdim, mehriban münasibət gördüm. Elə o vaxtdan teatrdayam”
Tamaşa boyu pərdələr bir neçə dəfə açılıb-bağlanır, dekorasiyalar dəyişir, amma ilk gördüyümüz arxa pərdə, ya da arxa planda qurulmuş dekorasiya tamaşanın sonunadək qalır. Əslində salondan baxanda tamaşa barədə ilk təəssüratı oyadan da elə həmin arxa plandır. Səhnədə gördüklərimizin əziyyətini çəkənlərin çoxu elə həmin pərdənin arxasında qalır...
“Səhnə arxası”nın budəfəki qonağı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının icraçı rəssamı, Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Teatrın həyətindən, sonra da səhnənin içindən arxaya keçərək, dar pilləkənlərlə rəssamlıq sexinə qalxırıq. Dar dəhlizdən işıqlı, geniş məkana keçəndə indicə hiss etdiyin təzad səni bir an çaşdırır. Amma nəzərlərin döşəməyə zillənincə... Döşəməyə sərilmiş iri xalını xatırladan qırmızı-qara rəngli, aşağı haşiyəsi qızılı şəbəkə naxışlı pərdə diqqəti o qədər cəlb edir ki, darısqallıq və genişlik təzadını unudursan.
Söhbətimizə elə bu pərdə ilə başlayırıq. Daha doğrusu, Tehran müəllim indiyədək döşəmədə bu ölçüdə pərdə görmədiyimdən yaranan təəccübümü aradan qaldırır:
- “Cavad xan” baletinin pərdəsidir. Yəni tamaşa vaxtı ən arxada asılacaq və tamaşa bitənədək dəyişməyəcək pərdədir.
- Premyeraya xeyli var, əsas pərdə isə artıq hazırdır...
- Özündən demək olmasın, indiyədək heç bir işimdə ləngimə olmayıb. Teatrda nəyi mənə tapşırıblarsa, çalışmışam ki, deyilən müddətdən bir neçə gün əvvəl təhvil verim.
Söhbətə başlayırıq. Amma bir gözüm elə pərdədədir...
- Tehran müəllim, çoxdan teatrdasınız? Bu sevgi sizdə necə yaranıb? Necə olsa, dekorçu, icraçı rəssam işi kölgədə qalan sahədir...
- Düzü, məni teatra sevgi gətirməyib. Bakıxanov qəsəbəsində indiki 12 saylı peşə liseyində reklam işləri üzrə tərtibatçı rəssam ixtisası üzrə oxuyurdum. İstehsalat təcrübəsi keçmək üçün bura göndərdilər. Heç teatr rəssamlığı, dekorasiya barədə anlayışım yox idi. O zaman Xalq rəssamı Əyyub Fətəliyev teatrın baş rəssamı idi. Sexdə nə tapşırdılar, yerinə yetirdim, mehriban münasibət gördüm. Məktəbi bitirəndə də təklif etdilər ki, iş var, istəyirsən, qal, işlə. Elə o vaxtdan düz 26 ildir ki, teatrdayam...
- Bu illər ərzində neçə tamaşa işləmisiniz?
- Düzü, saymamışam. Amma hər mövsüm iki-üç tamaşa səhnəyə qoyulur. İldə iki tamaşa desək, sayı əllini keçib.
- Bəs özünüzü quruluşçu rəssam kimi, necə, sınamısınız?
- İlk müstəqil işim uşaqlar üçün “Cırtdan” operası olub, bu mövsümdə də “Xanəndənin taleyi” operasına quruluş verdim. 26 ildə teatrda tamaşaya qoyulan bütün əsərlərin səhnə həllində zəhmətim var. Heç vaxt “bilirəm” deyib irəli çıxmamışam. Həmişə böyüklərdən, özümdən daha təcrübəli dekorçulardan, rəssamlardan öyrənmişəm. Rəssam rəssamdan bəhrələnməlidir, bu, oğurluq deyil. Sadəcə, kiminsə işini, yanaşma tərzini görürsən, diqqət yetirirsən, özündə də hansısa ideya yaranır.
- “Bilirəm” demişkən, nə əcəb, təhsilinizi davam etdirmədiniz?
- Fikirləşdim ki, sənət yolumu seçmişəm, teatrdan ayrılmayacağam. İndi də elə dövrdəyik ki, diplom heç nəyi həll etmir, bütün sahələrdə mütəxəssisləri təzədən imtahan edib işə götürürlər. Bir də ki 26 ildə teatra gəlib işi bacarmadığına görə tələsik uzaqlaşan o qədər diplomlu adam görmüşəm ki. Əsas məsələ işini sevmək, bacarmaq, öyrənməkdən yorulmamaq, səbirli və məsuliyyətli olmaqdır.
- Elə isə, gəlin, işdən danışaq. Bu pərdənin eskizi hansı ölçüdədir?
- Rəssam adətən pərdə eskizini 40x60 sm ölçüsündə işləyir.
- Bəs teatrın səhnə ölçüləri neçədir?
- Adətən eskizdəki 5 sm 1 metrə bərabər tutulur. Bizim səhnənin ölçüsü 8x12 metrdir. Bəzən tamaşadan asılı olaraq, ölçünü 8x14 metr də götürürük.
- Tehran müəllim, quruluşçu rəssam ilə icraçı rəssamın işgüzar münasibəti necə nizamlanır? Quruluşçunun ürəyindən çox şey keçə bilər, səhnə təcəssümünə gələndəsə vəziyyət dəyişər. Üstəlik, eskizdə çox incə görünən detal natural ölçüdə özünü doğrultmaya bilər...
- Haqlısınız. Bu tamaşaya Xalq rəssamı Rafis İsmayılov quruluş verir. Tez-tez teatra gəlir, məsləhət verir. Mən də eskizdən böyük işə keçərkən anlaşılmazlıq yarananda Rafis müəllimi çağırıram. Bədii şurada təsdiqlənmiş eskizdə özbaşıma heç nəyi dəyişə bilmərəm. Amma həmişə işdə ortaq məxrəcə gəlmək mümkündür. Quruluşçu rəssamla məsləhətləşib bəzən düzəliş etmək lazım gəlir. Pərdədəki naxışın trafaretini MDF materialından özüm çəkib kəsmişəm. Bir naxış 12-13 dəfə təkrarlananda əl titrəyə, sapıntı ola bilər, trafaret isə həm işi asanlaşdırır, həm də səliqəli görünüş verir. Elə xırdalıqlar var ki, onu eskizdə heç vaxt görmək mümkün deyil. Sadəcə, trafareti düzəldəndə onu nəzərə almışıq...
- Konkret olaraq, bu pərdə neçə günə başa gəlib? Yəqin ki, tək işləməmisiniz...
- Əlbəttə, adi bezi belə bir pərdəyə çevirmək tək adamın işi deyil. Amma parçanın diaqonalını düzəltmək, sonradan dartılıb əyilməməsi üçün ilk mərhələni mütləq özüm edirəm. Bu pərdənin hasilə gəlməsi - tikilişi, qruntlanması, materialının bərkidilməsi, rənglənməsi, naxışlarının salınıb quruması - 15 gün çəkib.
- Səhnə tərtibatında ən ağır iş hansıdır?
- Arxa pərdənin hazırlanması. Düzdür, elə dekorasiya var ki, 10 günə hazır olur, o biri 2 aya. Əgər pərdənin dekorunda applikasiyadan istifadə edilibsə, ona xeyli vaxt gedir. Çünki yapışdırılan, qabarıq forma vermək üçün istifadə edilən materialın qurumağını günlərlə gözləmək lazımdır ki, növbəti prosesə keçəsən. Məsələn, papye-maşedən (yaş kağız) detal hazırlamaq lazım gəlir. Ən yaxşı, etibarlı papye-maşe 12 qat olmalıdır. Və həmin qatları bir-bir yapışdırıb tam qurumağını gözləməlisən. Onu da teatrda işləyə-işləyə öyrənmişəm. 26 il əvvəl teatra işə gələndə mənə kağızdan nəyinsə düzəldilməsi qəribə görünürdü.
- Deyəsən, bu qabiliyyət sizdə irsidir...
- Ana nənəm Nazxanımın gözəl əl qabiliyyəti var idi. Bizə gələndə mənə kağızdan müxtəlif naxışlar kəsdirər, onları güləbətin tikməyə salardı... Hər iki oğlum yaxşı rəsm çəkir. Böyüyü tələbədir, mühəndis olacaq, balaca hələ məktəblidir. Ürəkləri istəsə, rəssamlığı da davam etdirərlər, seçim özlərinindir.
- Rəssamlıq təkcə teatrla məhdudlaşmır...
- İndiyədək fərdi sərgim olmasa da, müxtəlif tematik və qrup sərgilərdə iştirak etmişəm. Hətta mükafatlar da almışam. Bilirsiniz, insanın həvəsi, qabiliyyəti varsa, o, mütləq çalışacaq, nəsə çəkəcək. Teatrdakı işimi bitirəndən sonra həvəsim gələndə oturub işləyirəm, müxtəlif texnikalarda suvenirlər düzəldirəm, şəkil çəkirəm.
Gülcahan Mirməmməd