Bakıda tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə iki ölkənin mütəxəssisləri, turizm təmsilçiləri iştirak ediblər.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann məlumat verib ki, foruma Almaniyanın tibbi turizm üzrə püxtələşmiş mütəxəssisləri qatılıb.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin iqtisadi attaşesi Heyke Möckel deyib ki, iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün çox geniş imkanlar var.
Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə heyətinin üzvü Malik Kərimov son 25 ildə Almaniyanın Azərbaycan səhiyyəsinə çox böyük dəstək verdiyini bildirib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov Azərbaycan səhiyyə sahəsində aparılan islahatlar, azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilən mürəkkəb cərrahiyyə əməliyyatları barədə danışıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə tibbi turizm üzrə Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları barədə danışıb.
Tədbirdə qonaq heyət təqdimatlarla çıxış edib. Forum işgüzar görüşlərlə davam edib.