27-29 aprel tarixində Bakıda üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-prisinə hazırlıq işləri yekunlaşmaq üzrədir. 
   Yarışmanı canlı izləmək üçün bilet alan tamaşaçılar şəhərin kassalarında vauçerlərini biletlərin əsli ilə dəyişdirə bilərlər. Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız onların üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər.
   Onlayn qaydada alınan vauçerlər Formula 1 Azərbaycan Qran-prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Çünki vauçerlərlə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
   Formula 1 izləyiciləri üçün maraqlı əyləncə və konsert proqramları da hazırlanıb.
   Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər.
   Məşhur müğənni Kristina Aqilera aprelin 28-də Formula 1 həvəskarları üçün konsert proqramı ilə çıxış edəcək. Ötən illərdəkindən fərqli olaraq, əsas konsert proqramları “Baku Crystal Hall”da baş tutacaq.