Azərbaycan Xalq Cümhuriyyəti - 100
Çoxsaylı araşdırmalara sevinsək də, dolğun bədii əsərlərin yoxluğu təəssüf doğurur
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin Cümhuriyyət mərhələsi milli təfəkkür işığında təhlil və təbliğ olunmağa başlandı. Həyatının bir hissəsini mühacirətdə yaşamış Cümhuriyyət qurucularının ömür yolu və yaradıcılığına dair araşdırmalar aparıldı, tarixi həqiqətlər gün üzünə çıxdı. Müstəqilliyimizin ilk illərində Hüseyn Baykaranın “Azərbaycanın istiqlal mübarizəsi tarixi”, Xaqani Məmmədovun “Azərbaycan milli hərəkatı” və Nəsib Nəsibzadənin “Azərbaycan Demokratik Respublikası” və s. elmi araşdırmalar ictimaiyyətə təqdim olundu.
Ədəbi-bədii nümunələr
Azərbaycan ictimaiyyəti sanki 70 il müddətində hər vəchlə unutdurulan, demokratik dəyərlərinə qara yaxılan Xalq Cümhuriyyəti haqqında aparılan araşdırmalara, daha doğrusu, milli həqiqətlərə susamışdı. Çünki sovet dövründə yazılan bədii əsərlərdə, bir sıra ekran işlərində ilk demokratik respublika və onun aparıcı simaları ideoloji-siyasi ab-havaya uyğun olaraq mənfi planda verilmişdi.
XX əsrin 20-30-cu illərinin həqiqətləri 90-cı illərin əvvəllərində bədii ədəbiyyatda daha qabarıq şəkildə canlandırılmağa başlandı. Müstəqillik illərində bir sıra müəlliflərin qələmə aldığı nəsr nümunələrində tariximizin bu şanlı səhifəsinə yer verilirdi.
Görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 1993-cü ildə yazdığı “Qaçaq Süleymanın ölümü” əsərində tariximizin Cümhuriyyət səhifəsi öz əksini tapıb. Onu da qeyd edək ki, böyük ədibin hələ 1980-ci ildə, sovet dönəmində yazdığı “Geriyə baxma, qoca” romanında da çox qısa bir müddətdə dörd hakimiyyətin - çar üsul-idarəsi, müvəqqəti burjua hökuməti, Xalq Cümhuriyyəti və bolşevik rejiminin bir-birini əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdı. Tənqidçi Yaqub İsmayılov “Geriyə baxma, qoca” əsəri haqqında yazır ki, bu roman bir şəxsin mənsub olduğu millətin tarixi keçmişinə hörmətidir.
Xalq yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” romanı isə bir sıra tarixi həqiqətlərin qapısını xalqın üzünə açmışdı. Cümhuriyyətin ədəbi və tarixi şəxsiyyətlərinin obrazının yer aldığı Əlisa Nicatın “Mələklər və iblislər” romanı da bu baxımdan dəyərli nümunələrdəndir. Əsərdə Cümhuriyyətin qurulmasından əvvəlki illər və onun süqutundan sonrakı dövr də əks olunub. Burada oxucular M.Ə.Rəsulzadə, N.Nərimanov, F.Xoyski, Ənvər Paşa, Ş.Xiyabani və digər tarixi simaların obrazları ilə qarşılaşır. Bundan əlavə, 2000-ci ilin əvvəllərində türkiyəli müəllif Müslim Oğuzun “Nigar ağlar mayısa” romanında Xalq Cümhuriyyəti dövrünün hadisələri bədii təcəssümünü tapıb.
Yazıçı-publisist Teyyub Qurbanın “Dönməzlik” povesti bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmin Rəsulzadə haqqındadır. Onun özünün və ailəsinin başına gətirilən müsibətlər də əsərdə öz əksini tapıb. Nahid Hacızadənin “Yaşa, ey haqq” adlı hekayəsində Rəsulzadənin vətəndən ayrı keçən həyatının son illəri lirik-psixoloji cizgilərlə təsvir edilib. Yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının “Qurban” roman-xronikası, Arif Əliyevin “Yalama” sənədli povesti, yazıçı-dramaturq Əli Əmirlinin Ceyhun Hacıbəylinin ömür yoluna işıq tutan və bu yaxınlarda səhnə həyatı qazanan “Nuri-didə Ceyhun” pyesi bu baxımdan xarakterik nümunələrdir.
Elmi araşdırmalar
Ötən dövrdə Cümhuriyyətin tarixi, o zamanın ictimai-siyasi mənzərəsi, ədəbiyyatı, mədəniyyəti, maarifçiliyi və s. mövzularda sanballı araşdırmalar ərsəyə gəlib, kitablar nəşr olunub. Bu sırada “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nın əhəmiyyətli yeri var. Bu nəşr Cümhuriyyət qurucuları, milli hökumətin fəaliyyəti, dövrün ictimai-siyasi, mədəni, ədəbi mənzərəsini dolğunluqla əks etdirir.
M.Ə.Rəsulzadənin əsərlərinin silsilə nəşri, professor Şirməmməd Hüseynovun Cümhuriyyətə həsr olunan kitabları, Azər Turanın “Əli bəy Hüseynzadə”, Gülsərən Akalının “Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu”, Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları”, Əlimərdan bəy Topşubaşovun “Paris məktubları”, Nağı Keykurinin “Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”, Sona Vəliyevanın “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası”, Yusif Ağayev və Səbuhi Əhmədovun “İstiqlal yürüşü - 1918”, Akif Aşırlının “Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu”, Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu”, “Bakının qurtuluşu”, Aydın Dadaşovun “Məhəmməd Həsən Hacınski” və s. monoqrafiya və kitablar Azərbaycanın dövlətçilik tarixinin bu şanlı dövrünün hərtərəfli öyrənilməsi baxımından dəyərli mənbələrdir.
Cəmi 23 ay mövcud olmuş milli respublikanın müxtəlif sahələrdə həyata keçirdiyi işlərə həsr olunan bu tədqiqat əsərləri Cümhuriyyətin gerçək tarixinin bugünkü və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Amma təəssüflə onu da qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini dolğun, yüksək sənətkarlıqla ifadə edən bədii əsərlər hələ qələmə alınmayıb. Bunun da, təbii ki, obyektiv və subyektiv səbəbləri var. Lakin müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin fəaliyyətini və ideallarını əks etdirən əsərlərin yazılmasının vaxtı çoxdan çatıb. Yetişən gənc nəsillər cümhuriyyətçilik məfhumunu həm də ədəbi yaddaşdan mənimsəməlidirlər. Tariximizin bu unudulmaz səhifəsinə dair yeni bədii əsərlər oxumaq arzusu ilə
Lalə Azəri