Dastanlar türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biridir. Türkmənlər bu janrı “dessan”, “epos”, “anonim dessan”, “avtorlu dessan” və s. kimi terminlərlə adlandırırlar. Bu dastanların təsnifatı ilə bağlı müxtəlif fikirlər var. Türkmən folklorşünaslığının görkəmli nümayəndəsi Beymuhammet Garriyev türkmən dastanlarını qəhrəmanlıq, məhəbbət və dini olmaqla üç yerə bölüb. 
      “Göroğlu”, “Yusup-Ahmet”, “Alı bey Balı bey”, “Dövletyar” və s. qəhrəmanlıq dastanlarında türkmənlərin tarixi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapıb. “Şahsenem bile Qarip”, “Yusup bile Züleyxa”, “Gül-Senuber”, “Aslı bile Kerem”, “Xuyrlukqa-Xemra”, “Sayatlı Xemra” və s. nümunələr məhəbbət dastanlarıdır.
   İslamın qəbulundan sonra türk dastan ənənəsinə bu dinlə bağlı bir çox motivlər daxil olub. Bu mövzuda yaranan türkmən dastanları əsasən dini şəxsiyyətlərlə (“Baba Rövşən”, “Zeynelarap ve Muhemmethanapye” və s.) bağlıdır. 
   Filologiya üzrə elmlər doktoru, folklorşünas Almaz Hüseynova türkmən folkloru ilə bağlı araşdırmalar aparır. O bildirir ki, türkmənlərin ən qədim abidələri başqa oğuz boylarında olduğu kimi, “Oğuznamələr” hesab edilir: “Türkmən dastan yaradıcılığının inkişafında folklor söyləyicisi olan baxşıların (baxşı - özbək, qazax, qırğız, uyğur, türkmən, qaraqalpaq türklərinin şair-nəğməkarı) böyük rolu var. Onlar dastanları öz repertuarında yaşadıb söylədikləri auditoriyadan asılı olaraq əlavələr edib qoruyublar. Hətta bəzi qaynaqlarda XX əsrdə məclislərdə baxşıların “Oğuznamələr”dən parçalar, “Kitabi-Dədə Qorqud”dakı Beyrəklə bağlı boyu əsas süjet qorunmaqla bir qədər fərqli söylədikləri qeyd olunur”.
   “Göroğlu” baxşılar tərəfindən ən çox ifa olunan dastanlardandır. Bu eposda real hadisələrlə yanaşı, mifoloji ünsürlər üstünlük təşkil edir və obrazlar türkmən ruhuna uyğunlaşdırılıb. “Göroğlu” dastanının qəhrəmanı başına topladığı qırx igidlə vətənini, xalqını bəlalardan qoruyur, bu yolda dəfələrlə ölüm-dirim savaşına girir. Dastan qəhrəmanlarının səfər etdikləri ərazilər içərisində Türkmənistanla yanaşı, Qafqaz, Azərbaycan coğrafiyasına aid yerlər də var. Epos ənənəvi olaraq nəsr və nəzm hissələrindən ibarətdir. Poetik parçalar özünəməxsus musiqi ilə ifa olunur. 
   A.Hüseynova bildirir ki, türkmən məhəbbət dastanları XVI-XVII yüzillərdə yaranıb. Başqa türk xalqlarında olduğu kimi, çox hallarda aşiq öz sevgilisini yuxuda görür və bir çox çətinliklərdən keçərək onu axtarmağa yollanır.
   Türkmən dastan ənənəsində iki istiqamət özünü göstərir. Onların bəziləri (“Şahsenem bile Qarip”, “Aslı bile Kerem” və s.) şifahi xalq yaradıcılığı nümunələridir. Bundan əlavə, Şərq ədəbiyyatının ən məşhur, eləcə də “Şahnamə” ilə bağlı mövzuları (“Rüstəm bile Söhrab”, “Fərhad bile Şirin”) türkmən baxşıları tərəfindən dastanlaşdırılıb. “Yusup və Əhməd”in Mağrupi, “Zöhre bile Tahir”in Molla Nepes, “Sayatlı Xemra”nın Şabende, “Leyli və Məcnun”un Endelib tərəfindən yaradıldığı həmin dastanların əlyazmalarında qeyd edilib.
   Alim bildirir ki, türkmən xalq nağılları dastanlara güclü təsir göstərib. Bu dastanlarda başqa türk xalqlarının şifahi epik ənənəsində də təsadüf olunan motivlərə (“övladsızlıq”, “ov və ovçuluq”, “ölüb-dirilmə”, “qılıq dəyişdirmə” və s.), eləcə də mifoloji elementlərə (əjdaha, div, dövlət quşu, Qaf dağı, Simurğ) təsadüf edilir. 
   Məhəbbət dastanları da nəzm və nəsr hissələrindən ibarətdir. Qəhrəmanın keçirdiyi mənəvi sarsıntılar daha çox şeirlərlə ifadə olunur, onların içərisində deyişmələrə də təsadüf edilir. Çağımızda türkmən baxşıları sevə-sevə “Sayatlı Xemra”, “Xuyrlukqa - Xemra”, “Zöhre bile Tahir”, “Şahsenem bile Qarip” dastanlarını yaşatmaqdadırlar. 
   
   S.Qaliboğlu