Tarixdən səhifələr...
“Tarixdən səhifələr”də illər öncə respublikamızın ictimai-mədəni həyatı, ədəbiyyat və incəsənəti ilə bağlı qəzetlərdə dərc olunan yazılardan, xəbərlərdən seçmələr təqdim edərək dövrə, ötəri də olsa, mətbu ekskurs etməyə çalışacağıq. Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası və s.) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
95 il əvvəl...
Türk səhnəsinin əlli illiyi
Türk səhnəsinin əlli illiyi münasibətilə mərkəzdən gəlmiş hökumət teatrosu artistlərindən yoldaş Sidqi Ruhullanın iştirakı ilə "Nadir şah" draması mövqe tamaşaya qoyuldu.
Həqiqətən Ağdaş səhnəsi birinci dəfə böylə bir təntənəli dramayı camaata göstəriyordu. Teatro açılmamışdan qabaq təntənəli bayramı qəza komitəsinin katibi türk səhnəsinin keçmişdə, indi və gələcəkdə oynayacağı rolu və əhəmiyyəti haqqındakı nitqi ilə açmışdır. Nəticədə aktyorlar maarif şöbəsi tərəfindən dəvət olundular.
"Kommunist" qəzeti, 16 aprel 1923
70 il əvvəl...
Səməd Vurğunun yaradıcılığına həsr edilmiş ədəbi gecə
Aprelin 17-də Kirov adına Azərbaycan Dövlət Darülfünunu (indiki BDU - red.) həmkarlar komitəsi, komsomol təşkilatı və ədəbiyyat dərnəyinin təşəbbüsü ilə Stalin mükafatı laureatı, şair-dramaturq Səməd Vurğunun yaradıcılığına həsr edilən ədəbi gecə keçirilmişdir.
Ədəbi gecəni filoloji elmlər namizədi Cəfər Xəndan yoldaş açaraq giriş sözü söyləmişdir. Sonra darülfünunun fəlsəfə fakultəsinin üçüncü kurs tələbəsi Aslan Aslanov, filoloji fakultənin ikinci kurs tələbəsi Əlfi Qasımzadə, fəlsəfə fakultəsinin birinci kurs tələbəsi Fuad Qasımzadə, filoloji fakultənin beşinci kurs tələbəsi Fəridə Vəzirova və dil kafedrasının aspirantı Rəsul Rüstəmov Səməd Vurğunun yaradıcılığı haqqında məruzələr etmişlər.
Filoloji elmlər doktoru, professor M.Rəfili və şair M.Rahim çıxış edib Səməd Vurğunun yaradıcılığı haqqında danışmışlar.
Sonra Səməd Vurğun yoldaş çıxış edib, yığıncaqda iştirak edənlərə öz təşəkkürünü bildirmişdir. Şair bu il “Komsomol” poeması və “Bakının dastanı” əsərlərini qurtarıb oxuculara təqdim edəcəyinə söz vermişdir.
“Ədəbiyyat qəzeti”, 22 aprel 1948-ci il