Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun “Maraqlı Çin dili və əlvan bahar” mövzusunda tədbiri Çin kalliqrafiyası və rəssamlığına həsr edilib.
Üç hissədən ibarət tədbirdə Çin kağız kəsmə sənəti, Çin kalliqrafiyası və Pekin operasında qrimləmədən bəhs olunub.
İnstitutun Çin tərəfdən direktoru Luo Syaoçjı tədbir iştirakçılarını salamlayaraq deyib: “Baharın gəlişi ilə təbiət oyanır. Bu, ilin ən parlaq və əlvan mövsümüdür. Bugünkü tədbirimizin məqsədi odur ki, arzu edən hər kəs baharı Çin dili və bizim qədim incəsənətimizlə tanışlıq vasitəsilə qarşılasın”.
Sonra tədbir iştirakçıları üç sərgi stendinə baş çəkib, ustad dərsləri zamanı yiyələndikləri təcrübəni nümayiş etdiriblər. Konfutsi İnstitutunda, həmçinin “Çin mənim gözlərimlə” mövzusunda rəsm müsabiqəsi keçirilib. İnstitutun tələbələrinin əl işləri maraqla qarşılanıb.