Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə iştirak edən idarənin rəisi Vuqar Zeynalov G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fəaliyyətindən söz açıb, keçirilən bütün tədbirlərdə fəal iştirakından söz açıb. V.Zeynalov məktəbin şagirdlərini fəxri fərmanlarla təltif edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məktəbin şagirdlərinin ifasında Qara Qarayevin “Prelüd” lya bemol major, Tofiq Quliyevin “Sevgi valsı”, Pikə Axundovanın “Qəlbimin səsi”, həmçinin Şopenin “14 saylı etüd”, Dvorjakın “Melodiya”, Kurtisin “Torna a Sorrento”, Miroşnikovun “Rəqs”, Montinin “Çardaş” və digər əsərlər səsləndirilib.
Sonda xor kollektivi Arzu Abbasovanın “Bayraq” və Müslüm Maqomayevin “Azərbaycan” əsərlərini ifa ediblər.