Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 50 illik yubileyi münasibətilə nazirliyin fəxri fərmanı ilə təltif edilib. 
   Aprelin 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri fərmanı Zakir Sultanova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
   Zakir Sultanov 1968-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 6 nömrəli orta məktəbdə oxuyub. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini bitirib. Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Müdafiə Nazirliyinin Mənzil istismar idarəsində müxtəlif vəzifələrdə işləyib. 
   2006-2008-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Bərpa-Tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyinin direktoru, 2008-2014-cü illərdə nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində çalışıb. 
   2014-cü ildən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisidir.
   Ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.