Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş gənc ifaçıların III Respublika müsabiqəsinin açılışı olub.
Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir. İki mərhələdən ibarət müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül adına Orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilir.
Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev çıxış edərək bildirib ki, müsabiqə musiqi və incəsənət məktəbləri şagirdlərinin istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə təşkil olunub. Fortepiano, simli musiqi alətləri, xalq çalğı alətləri, vokal ifaçılığı (xanəndə və klassik) kateqoriyaları üzrə keçirilən müsabiqədə respublikanın regionları da daxil olmaqla musiqi və incəsənət məktəblərinin 600-dən çox şagirdi iştirak edir.
Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqənin ilk günü dinləmələrlə davam edib. Münsiflər heyətinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Bülbül adına Orta ixtisas musiqi məktəbinin müəllimləri daxildir. Müsabiqəyə mayın 3-də yekun vurulacaq.
Müsabiqə çərçivəsində həmçinin Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçiriləcək.
Lalə Azəri